Çaylarda sululuq artıb

27 Noyabr 2024 10:57 (UTC+04:00)

Azərbaycana yağan yağıntılarla əlaqədar 27 noyabr saat 9:00-a olan məlumata əsasən, respublikanın əksər çaylarında sululuq artıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 31 sm, Viləşçayda 23, Təngərüdçayda 21, Böyük Qafqazın ərazisindən axan Xarmidorçayda 28, Əyriçayda 27, Katexçayda 15, Qudiyalçayda 10, Qarasuçayda 8, Pirsaatçayda 3, Kiçik Qafqazın ərazisindən axan Gorançayda 3, Gəncəçayda, Əsrikçayda və Dəstəfurçayda 1 sm artm qeydə alınıb.

Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bəsitçayda 13, Bərgüşadçayda 12, Oxçuçayda 11, Həkəriçayda 2, Tərtərçayda 1, Naxçıvan MR ərazisindən axan Gilançayda 3, Naxçıvançayda 2, Əlincəçay, Ordubadçay və Vənəndçayda 1, Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində 1, Qanıx çayında isə 6 sm artm olub.