Naxçıvan Hərbi Kollecində muxtar respublikanın 100 illik yubileyi...

26 Noyabr 2024 19:58 (UTC+04:00)

Azərbaycan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində muxtar respublikanın 100 illik yubileyi ilə bağlı “100 illik şərəfli tarixi yol” adlı tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kollecin kitabxanasında yubileyə həsr edilmiş “Naxçıvan – 100” adlı 100 nüsxə kitab sərgisi ilə tanış olublar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev muxtar respublikanın 100 illik yubileyinin geniş qeyd olunması ilə bağlı 2023-cü il dekabrın 30-da Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar ötən dövrdə Naxçıvanda silsilə tədbirlər həyata keçirilib, muxtariyyət tarixinin araşdırılması istiqamətində kitablar, elmi nəşrlər, jurnallar çap edilib. Naxçıvan Hərbi Kollecində keçirilən “100 illik şərəfli tarixi yol” tədbiri də yubiley tədbirlərinin davamıdır.

Qeyd olunub ki, geostrateji ərazidə yerləşən, qədim türk yurdu Naxçıvan müxtəlif dövrlərdə gərgin siyasi mübarizələr meydanına çevrilsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf edib. Naxçıvanda dünyaya göz açan dahi şəxsiyyət Heydər Əliyev 1990-1993-cü illərdə məhz bu torpaqda milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə misilsiz işlər görüb. Naxçıvan 2020-ci ildə 44 günlük Vətən müharibəsinin qazanılmasında da xüsusi rol oynayıb, diyarın igid övladları şanlı Zəfər dastanında parlaq səhifələr yazıblar. 2024-cü ildə 100 illiyi geniş şəkildə qeyd olunan muxtar respublika dövlət başçısının diqqət və qayğısı sayəsində böyük inkişaf yolunda inamla irəliləyir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Emin Şıxəliyev, Üzeyir Məmmədov və “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova muxtar respublikanın qədim, zəngin tarixi, ecazkar təbiəti barədə ətraflı söhbət açıb, hərbi kollecin kursantlarına şərəfli peşələrində uğurlar arzulayıblar.

Sonra “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova kollecin kollektivinə hədiyyə olaraq “Come to Nakhchivan” fotoalbomunu Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynova təqdim edib.

Yubiley tədbiri “Ulu torpaq, Ulu Öndər” adlı filmin nümayişi ilə yekunlaşıb.