UNEC təhsil ixracını genişləndirir

26 Noyabr 2024 18:21 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Yunanıstanın Patras Universitetində (UPATRAS) olub. Patras Universitetinin rektoru prof. Kristos Bouras ilə görüşdə hər iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Müzakirələrin sonunda QS beynəlxalq reytinqində Yunanıstanın 3-cü, dünyanın 761-770-ci ən yaxşı universiteti olan və 30 minə yaxın tələbənin təhsil aldığı Patras Universiteti ilə UNEC arasında Birgə Magistr Proqramına başlamağa dair razılıq əldə edilib. Hər iki rektor proqramın maliyyələşdirilməsi üçün müvafiq qrant layihəsinə birgə müraciət etməyə dair memorandum imzalayıblar. Eləcə də, Patras Universitetində sabbatikal professorların UNEC-ə cəlb edilməsinə, tələbə və müəllimlərin mübadiləsinə dair qərar verilib.