2025-ci ildə Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) vəsaiti hesabına 8 000 nəfərin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır. SİA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında - “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən bildirib.
“Bununla da, 2017-ci ildən 2025-ci ilə qədər özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 100 000 nəfər olacaq. Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə 9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, İSF-nin büdcə layihəsi 2025-ci ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı və peşə yönümlü tədbirlərinin keçirilməsinə, haqqı ödənilən ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsi üçün optimal əsaslar yarada biləcək.