“Həzi Aslanov” stansiyasında qatarların hərəkət qrafiki dəyişdirilir - Sədr müavini

26 Noyabr 2024 15:15 (UTC+04:00)

“Bakı metropoliteninin Yaşıl və Qırmızı xətlərində qatarların hərəkət qrafikinə noyabr ayının 30-dan dəyişiklik ediləcək”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, dəyişikliyə səbəb “Həzi Aslanov" stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulmasıdır: Təmir müddətində qatarlar Qırmızı xətt üzrə (“İçərişəhər” stansiyasından) və Yaşıl xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasına qədər hərəkət edəcək.

İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Gur saatlarda (07:00-10:00 və 17:30-19:30) “28 May-Əhmədli” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq. Təmir müddəti ərzində “Əhmədli” və “Həzi Aslanov” stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.

Qeyd edək ki, qatarların hərəkət cədvəli noyabr ayının 29-da “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının müvafiq bölməsində yerləşdiriləcək”.