“Azərbaycanda uşaqpulu adlanan sosial müavinətlə bağlı müzakirələr son zamanlar daha da artıb. Bu məsələdə bir tərəfdən insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün valideynlərdən gələn təşəbbüs kimi bunu qiymətləndirə bilərik. Digər tərəfdən isə bütövlükdə demoqrafik siyasəti təşviq etmək üçün yaradıcı sosial dəstək proqramı kimi qiymətləndirə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, ölkəmizdə çoxuşaqlı ailələr mövcuddur: “Belə ki, həmin ailələrdə 6 və ya daha çox uşaq var. Belə ailələr üçün ölkə başçısının 13 yanvar 2023-cü il tarixində imzaladığı fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müvainət təyin edilib, bu məbləğ təxminən hər uşaq üçün 105 manat civarındadır.
Azərbaycanda 3 uşaqlı ailə çoxuşaqlı ailə sayılmır. Çoxuşaqlı ailələrin özünəməxsus meyarları var və Azərbaycan üçün bu meyarın əsasını ailədə uşaq sayının 5-dən çox olması təşkil edir. Ölkəmizdə təqribən belə ailələrin sayı 2019-cu ilin əhalinin siyahıya alınmasında göstərilən statistikaya görə, 16169 olaraq göstərilib. Bu ailələrin əksəriyyəti isə kəndlərdə yaşayan əhalinin payına düşür. Azərbaycanda təqribən 2 milyon 700 minə yaxın uşaq var və onların təxminən 600 minə yaxını sosial müavinət və digər dəstək proqramları ilə əhatə olunub.
Uşaqpulu adlanan sosial müavinət yenidən tətbiq olunarsa, bu həm ailələrə dəstək olar, həm də ölkədəki demoqrafik vəziyyətin normallaşması baxımından mühüm rol oynayar”.