Kremlin mətbuat katibi Dmitri Peskov Qəzza zolağında və Livanda "dəhşətli" humanitar böhranın olduğunu bildirib və deyib:
“Humanitar yardımın çatdırılması üçün daha geniş kanalların yaradılması çox vacibdir”.
SİA-nın məlumatına görə, Peskov paytaxt Moskvada verdiyi açıqlamada gündəmi dəyərləndirib.
Peskov Orta Şərqdəki humanitar vəziyyətlə bağlı:
"Humanitar yardım göstərmək üçün daha geniş kanalların yaradılması çox vacibdir. Qəzzada dəhşətli humanitar böhranın şahidi oluruq. Livanda da vəziyyət ağırdır. Təbii ki, bu halda biz mülki şəxslərə qarşı hücumların dayandırılmasını istərdik. Mülki şəxslərin hücumların qurbanı olmaması çox vacibdir” deyib.
ABŞ-da yeni administrasiyanın Ukrayna böhranının həlli ilə bağlı bəyanatlarını dəyərləndirən Peskov deyib:
"(Donald) Trampın tərəfdarları və onun idarəetmə komandasında olacaqlar arasında sülh və ya sülh planı sözlərini eşidirik. Bu sözlər indiki administrasiya nümayəndələrinin dilinə gəlmir. (Ukrayna ilə bağlı) Hələlik təxribatçı və gərginlikyi artıran hərəkətlər davam edir. Bizim qarşılaşdığımız reallıq budur".
Mətbuat katibi Peskov Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara açıq olduğu barədə açıqlamalar verdiyinə diqqət çəkib.
Fransanın “Le Monde” qəzetinin “Ukraynaya qoşun yeridilməsi məsələsi yenidən Avropanın gündəmində” xəbərini dəyərləndirən Peskov bəzi Avropa ölkələrinin daha əvvəl də bu cür açıqlamalar verdiyinə diqqət çəkib və deyib:
“Avropalılar arasında bu məsələdə konsensus yoxdur, amma zaman-zaman çılğın adamlar meydana çıxır”.