Ölkədə 4 ildir reallaşdırlan Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) islahatı üzrə Hesablama Palatası tərəfindən 5 audit çərçivəsində aparılan qiymətləndirmələr onu deməyə əsas verir ki, xərclərin əsaslılığının müəyyən edilməsi üçün istifadə edilən monitorinq göstəriciləri əksər halda həmin sahə üzrə əsas problemləri qiymətləndirməyə imkan vermir. Bu sənəd sahə üzrə bəzi hallarda keyfiyyət deyil, kəmiyyət xarakterli şərti göstəricilər toplusundan ibarətdir. Bu isə fəaliyyətin səmərəliliyi və nəticəliliyi haqqında təsəvvür formalaşdırmaq üçün imkanlarını məhdudlaşdırır. SİA xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Palata sədri bildirib ki, strateji sənədlər istər OMXÇ islahatının tərkib hissəsi, istərsə də ayrıca qurum tərəfindən qəbul edilsə də, bir çox hallarda həmin sənədlərin əməliyyat planları və monitorinq hesabatları ilə əlaqəsi olmur.
“OMXÇ ilə əhatə edilən 3 bölmə və əhatə edilməsi nəzərdə tutulan digər 3 bölmə üzrə cəmi xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisinin tədricən yüksələrək 2028-ci ildə 36,9 faizə bərabər olacağı proqnozlaşdırılır. OMXÇ ilə əhatə olunan xərclərin artımı isə büdcə vəsaitlərinin faydalılığının qiymətləndirilməsini daha da aktuallaşdıracaq. Məhz bu səbəbdən institusional boşluqların aradan qaldırılması zəruridir”, - deyə o əlavə edib.