"Dünyanın bir çox nöqtələrində, o cümlədən bizim bölgədə Cənubi Qafqaz regionunda dünyanın ən böyük dövlətləri bir istiqamətdə Amerika Birləşmiş Ştatları və ona bağlı olan Qərbin kollektiv dövlətləri, digər istiqamətdə isə Rusiya arasında çox gərgin, amansız mübarizə gedir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
O bildirib ki, bu mübarizənin fonunda hansı gücün qalib gələcəyi və hansı gücün digər dövlətləri öz istəklərinə tabe edəcəyi məsələsi gündəmdədir: "Bu gün C.Bayden administrasiyasının Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair etdiyi canfəşanlıq əslində nə Azərbaycanı, nə də Ermənistanı düşündükləri üçün deyil. Bu, mənə görə Qərbin bu sülh müqaviləsinə vasitəçiliyi ilə nail olması uğrunda aparılan mübarizədir. Əgər Qərb öz vasitəçiliyini ortaya qoyub Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalamış olsa, C.Bayden administrasiyası buna nail olmuş olsa, o zaman Rusiyanın bölgədə nüfuzuna çox ciddi zərbə vurmuş olacaq. Bölgəyə qonşu olan və böyük dövlətin İrəvanla Bakı arasında sülh sazişinə nail ola bilməməsi, əvəzində isə Vaşinqtonun bu missiyanı öz üzərinə götürüb həyata keçirməsi ondan xəbər verəcək ki, bu gün Qərb dövlətləri artıq Qafqazda dominantlıq edir, Qafqaza təsir imkanlarını artırır. Bu baxımdan düşünürəm ki, C.Bayden administrasiyasının məlum canfəşanlığı məhz buna xidmət edir. Amma özünün şəxsi istəyinə bağlı olaraq Nobel mükafatı almaq istəməsinə gəldikdə elə bir cihazım yoxdur ki, istəyini yoxlaya bilim. Hər halda o da mümkün variantlardan biridir. Əgər sülhə nail olunarsa, özünün Nobel mükafatı üçün namizədliyini irəli sürsün. Amma burada əsas məqsəd Rusiyanın deyil, məhz Amerikanın təşəbbüsü ələ almasından gedir. Eyni zamanda Rusiya da buna çalışır. Rusiya da istəyir ki, bu məsələyə özü birbaşa əl qoysun. Bununla Moskvanın vasitəsilə bu missiya baş tutsun.
Hal-hazırkı məqamda bu missiya həyata keçirilə bilər? Düşünürəm ki, Amerika Birləşmiş Ştatları, eyni zamanda Rusiya bu iki dövlət arasında sülh müqaviləsinin imzalanma prosesini indiki zamanda həyata keçirə bilməyəcəklər. Çünki Amerika Birləşmiş Ştatlarının bu gün Ermənistanla Azərbaycan arasında baxış bucağına baxanda kifayət qədər fərq görürük. Vaşinqton Ermənistana daha isti münasibət bəsləyir. Azərbaycana isə ögey münasibət bəsləyir. Ən azı COP29 bunu sübut etdi ki, Qərb dövlətləri Azərbaycan dövlətinə qısqanclıqla yanaşırlar. Eyni zamanda Azərbaycan dövlətini hər vəchlə çalışırlar ki, müəyyən qədər qazandığı uğurların qarşında bir əngəl yaratsınlar".
"Qərbin Azərbaycana baxış bucağının fonunda düşünürəm ki, Ermənistanla sülh müqaviləsini Qərb dövlətləri bu missiyanı öz üzərinə götürüb və buna müsbət mənada nail ola bilməyəcəklər. Bununla bərabər olaraq Rusiya da hal-hazırda buna nail ola bilməyəcək. Rusiya bu gün Azərbaycanla kifayət qədər isti münasibətlər formalaşdıra bilib. Amma Qərbin hakimiyyətə gətirdiyi Paşinyan Ermənistanla Rusiya arasında çox ciddi uçurum yaradıb. Bu isə o deməkdir ki, Rusiyanın Ermənistanda gəzən ayaqlarına artıq Paşinyan balta vurmaqla məşğuldur. Belə olduğu təqdirdə Paşinyanın da Rusiyanın diktəsi ilə sülh müqaviləsi sazişini imzalamaq üçün Azərbaycanla bir masa arxasında oturacağı inandırıcı deyil. Həm də ona görə ki, Paşinyan bütün atdığı addımları heç də öz iradəsinə söykənərək etmir. O, Qərbdən aldığı təlimatlar əsasında addımlarını atır. Bu da bir daha ondan xəbər verir ki, əgər Rusiya belə təşəbbüslə çıxış etmiş olarsa, Qərb Paşinyana imkan verməyəcək ki, Azərbaycanla sülh müqaviləsini imzalasın. Əgər Rusiyanın xətti ilə bu müqavilə imzalanarsa, o zaman Qərbin tamamilə bölgədə təsir imkanları neytrallaşmış olacaq. Daha dəqiq desək, Qərbin bölgədə maraqlarının üzərindən xətt çəkilmiş olacaq" - deyə o, əlavə edib.