“Alternativ enerji mənbələrinin payı artırılmalıdır“ - AYDINLIQ GƏTİRİLDİ

25 Noyabr 2024 14:52 (UTC+04:00)

“Alternativ enerji mənbələri ilə bağlı olan istiqamətlərdə rentabellik göstəricilərinin təmin olunması, yəni həmin müəssisələrin mənfəətlə işləməsi yaxın və orta müddətli perespektivdə dövlət dəstəyi olmadan reallaşdırıla bilməz”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

O bildirib ki, sözügedən istiqamətdə böyük dövlət kapital qoyuluşlarının, vergi güzəştlərinin olması şəraitində inkişafa nail ola bilərik: “Düşünürəm ki, bu istiqamətdə də proseslər gedir.

Yaxın və orta müddətli perespektivdə alternativ enerji mənbələrinə keçid tam şəkildə enerji balansının təminatçısı kimi çıxış edə bilməz. Çünki alternativ enerji mənbələri ilə bağlı olan rentabellik göstəriciləri, dayanıqlı enerji təminatı prosesləri də bu gün hələ tam şəkildə ənənəvi enerji mənbələrini tam əvəz etməyə şərait yaratmır. Bu səbəbdən də bu məsələlərlə bağlı çox ciddi araşdırmalar getməlidir. Alternativ enerji mənbələrinin payı artırılmalıdır. Amma unutmayaq ki, bütövlükdə sosial-iqtisadi siyasət nöqteyi nəzərindən enerji təczizatının fasiləsizliyi və enerji resurslarına çatmaq imkanlarının dayanıqlılığı enerji növünün seçilməsindən daha öndə olmalıdır. Çünki son nəticədə çox ciddi problemlərlə qarşılaşa bilərik. Bütün bunlar deməyə əsas verir ki, məsələyə sistemli şəkildə yanaşmaq lazımdır”.