“Bütün çirkin cəhdlər iflasa uğradı“ - ŞƏRH OLUNDU

25 Noyabr 2024 10:58 (UTC+04:00)

“Dünya daha bir mühüm və yaddaqalan tədbirə şahidlik etdi. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bir çox müsbət və mənfi məqamlarla yadda qaldı. Əgər müsbət məqamlar bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycanın səmərəli fəaliyyəti və sonda əldə edilən nəticələrlə bağlıdırsa, mənfi məqamların kökündə Batının ikili oyunları və COP29 kimi bəşəriyyətin gələcəyinə xidmət edən tədbiri bəzi güclərin öz çirkin məqsədlərinin girovuna çevirmək cəhdləri ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.

O, qeyd edib ki, bu məsələdə ABŞ və Avropa Birliyi xüsusi “fəallıq” göstərdilər: “Bu qüvvələr COP29 ərəfəsi, həmçinin tədbir günlərində çeşidli oyunlara baş vurdular. Elə son iki gündə maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbkarı da Avropa Birliyi və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayendir. Bu xanım siyasətçi Birləşmiş Ştatlarla sinxoran addım ataraq, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa Birliyinin iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi. Məhz buna görə Bakıya gəlmədi”.

F.Əliyevin sözlərinə görə, Qərbin bəşəriyyətin gələcəyini deyil, öz məqsədlərini düşündüyünü təsdiq edən daha bir fakt Almaniyanın xarici işlər nazirinin sərgilədiyi mövqedir: “Təsadüfi deil ki, COP29-da AB-ni təmsil edən, artıq neçənci gündür Bakıda olan Almaniyanın xarici işlər naziri Annalena Berbok iqrilm məsələləri ilə məşğul olmaq əvəzinə mətbuat konfransı keçirib Azərbaycanda insan haqlarından danışdı. Bu azmış kimi, Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğul oldu”.

Müsahibimiz sonda onu da vurğulayıb ki, bütün bu çirkin cəhdlər iflasa uğradı: “Məhz beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. COP29-da 300 milyard dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu. Yəni Azərbaycan və tərəqqipərvər bəşəriyyətin təmsilçiləri iqlim məsəllərini də siyasiləşdirən Qərbin bəlli güclərinə qalib gəldi”.