İran səfiri rus polislərin cəzalandırılmasını tələb edib

23 Noyabr 2024 21:05 (UTC+04:00)

İranın Moskvadakı səfiri Kazem Cəlali Kazanda iranlı tələbələrin polis tərəfindən saxlanılmasını pisləyib.

SİA-nın əldə etdiyi məlumata görə, X sosial şəbəkəsindəki paylaşımında o, İran vətəndaşlarına qarşı hər hansı nalayiq davranışın pislənilməli və Rusiya rəsmilərinin “belə kədərli hadisələrə görə” cavab verməli olduğunu vurğulayıb.

Tatarıstan üzrə İstintaq Komitəsinin məlumatına görə, noyabrın 22-də Kazan Federal Universitetinin Xarici Əlaqələr Departamentinin binası yaxınlığında iki xarici vətəndaş qrupu arasında dava düşüb. Hadisə yerinə gələn polis münaqişəni dayandırıb.

Lakin iştirakçılardan biri hüquq-mühafizə orqanının əməkdaşına hücum edib. Şöbədən verilən məlumata görə, döyüşçülərdən biri polisin uniformasından tutub itələyib. Respublika üzrə İstintaq Komitəsi dövlət məmuruna qarşı zorakılıq tətbiq edilməsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi-A.B.) ilə bağlı cinayət işi açıb. Münaqişənin iki iştirakçısı saxlanılaraq polis şöbəsinə aparılıb.

…İranlı tələbələrə və vətəndaşlara qarşı hər hansı qeyri-adekvat davranış pislənilə bilər və Rusiyanın məsul məmurları belə kədərli hadisələrə görə cavab verməlidirlər. Kazanda iranlı tələbələrlə nalayiq rəftar məsələsi ən ciddi şəkildə nəzarətə götürülüb, – deyə dava iştirakçılarının saxlanmasını şərh edən Kazem Cəlali yazıb.

Əli Babayev