Pakistan nümayəndə heyəti BDU-da

23 Noyabr 2024 15:39 (UTC+04:00)

Pakistan İslam Respublikasının Baş nazirinin gənclər proqramı üzrə nümayəndəsi Fahad Şahbaz və Lahor Universitetinin xüsusi layihələr və əməliyyatlar direktoru Abuzər Qaffari Bakı Dövlət Universitetinin qonağı olublar. Universitetdən SİA-ya bildirilib ki, rektor Elçin Babayev qonaqlara universitetin tarixi və fəaliyyəti barədə məlumat verib.

Rektor bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük universitetidir. BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.

Lahor Universitetinin xüsusi layihələr və əməliyyatlar direktoru Abuzər Qaffari müəllim-tələbə mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Qeyd edib ki, əsası 1999-cü ildə qoyulan Lahor Universiteti QS dünya universitetlərinin reytinqində 951-1000, “Times Higher Education” reytinqində isə 801-1000-ci pillədə qərarlaşıb. Universitetin 11 fakültəsində 35 mindən artıq tələbə təhsil alır. Universitetdə 5 elmi-tədqiqat mərkəzi və 3 texnopark fəaliyyət göstərir.

Görüşdə tərəflər arasında mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.