"Bu böyük biabırçılıqdır! - MÜĞƏNNİ NƏLƏRİ DANIŞDI?

23 Noyabr 2024 11:00 (UTC+04:00)

Son zamanlar “Gedib mamana demə” kimi mahnılar ölkəmizdə trend olub. Bunun səbəbi nədir? Bunu sənət adlandırmaq olarmı? SİA mövzu ilə bağlı müğənni Ofelya Şabanovanın fikirlərini öyrənib.

Müğənni bildirib ki, hər ölkəyə məxsus mahnı janrı var: “Hər bir insan zəkasına uyğun olan mahnılar, musiqilər dinləyir. Bizim bəzi əməkdar və xalq artistləri musiqidən xəbəri və səsi olmayan "oxuyanı" efir vasitəsi ilə tərifləyir. Belə adamlara incəsənətimizi məhv edənlər adı vermək lazımdır.

Təəssüflər olsun ki, savadsızlıq bizdə üstünlük təşkil edir ki, "mamana demə" orta asiyaya aid "huyuidədi, muyidədi" kimi bayağı mahnılar trend oldu. 80 milyonluq İranda "mamana demə " mahnısı qəbul edilmədi, amma bizdə trend oldu. Bu böyük biabırçılıqdır. Günah efirlərin deyil. Günah bizim xalqın bəzi insanlarındadır ki, belə mahnıları dinləyir.

Bugün dünya xalqları bizim bəstəkar mahnılarımızı dinləməyə və ifa etməyə başlayıb. Amma biz bayağı sözləri olan mahnıları trend edirik. Mən özümə aid 26 mahnı ifa etmişəm. Mahnılarımın 90 faizi sırf bəstəkar mahnıları səviyyəsində bəstələnib, amma nə fayda dinləyicisi azdır”.

Ayşən Vəli