Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Gəncə Beynəlxalq Hava Limanı istiqamətinə gedən yolda qeydə alınıb. Belə ki 2005-ci il təvəllüdlü E.Paşayev idarə etdiyi “Changan” markalı avtomobillə hərəkət edərkən idarəetməni itirərək beton hasara çırpılıb. Nəticədə yol kənarındakı bir neçə ağac qırılıb, avtomobilin ehtiyat hissələri yolun kənarına dağılıb. Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb. Sürücü isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.