“Autizm spektr pozuntusu olan uşaqların evdən qaçması və itməsi hallarına tez-tez rast gəlinir. Bu durum ASP olan uşaqların ailələrində ciddi narahatlığa səbəb olur. Xüsusi təlim vasitəsi ilə ASP olan uşaqların qaçması və ya itməsinin qarşısını almaq mümkündür. Hər bir uşağa təlim çərçivəsində “birlikdə yerimək” “gözləmək”, ”komandalara tabe olma” sistemli şəkildə öyrədilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.
Psixoloq bu proqramların təhsil müəssisəsindən kənarda öyrənilməli və müəyyən nəticələr əldə etdikdən sonra ailəyə verilməli olduğunu bildirib: “Uşağa gözləmə, birlikdə yerimə, əmrlərə tabe olma davranışları ilə yanaşı, “dayan, gəlirəm”, “Mənə tərəf gəl” kimi əmrlərə tabe olma davranışları da çox yaxşı səviyyədə öyrədilməlidir. Qaçan uşaqlara “Hara gedirsən” kimi suallara cavab verməyi və onlara harada olduqlarını söyləməyi öyrətmək lazımdır. Ən sadə misalla, uşağı müəyyən bir yerə (mətbəx, hamam, balkon, yataq otağı, bağça, ərzaq mağazası və s.) göndərməklə başlaya bilərik. Hara gedir, sonra haradadır? Tədris və təlim getdikcə daha fərqli və daha mürəkkəb mühitlərdə davam etdirilməlidir.
Nitqi olan ASP uşaqlara olduğu yeri telefonda öyrədilməsi mümkümdür. Məs: – İndi haradasan? – Dayanacaqdayam, geyim mağazasının qarşısındayam və s.
Danışmayan ASP-lərə isə davamlı nəzarətlə yanaşı, kiçik bir bel çantasında valideynlərin və ya yaxın qohumların əlaqə nömrəsi və ünvanının yazılması önəmlidir”.
Ayşən Vəli