Gender siyasətinə xüsusi diqqət var - TƏHLİL

22 Noyabr 2024 16:59 (UTC+04:00)

Gender siyasəti dedikdə, istər dini, istərsə də ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu hüquqlardan istifadə etməsi başa düşülür. İstənilən bir dövlətin məqsədyönlü gender siyasətinin tərkib hissəsini məhz qadın və kişi olmaqla, hər iki cinsin qeyd olunan bərabərliyi, hüquqları və həmin hüquqlardan istifadə təşkil edir. Görünür elə buna görə də bu bərabərliyə xüsusi diqqət var və qlobal miqyasda bərabərliyin qorunmasına daim nəzarət edilir.

Dünyanın heç bir ölkəsində aparılan gender siyasəti digər ölkəsində aparılan gender siyasəti ilə eyni deyil. Heç ola da bilməz. Latın Amerikasında, ABŞ-da, Avropada, Afrikada gender bərabərliyinin eyni səviyyədə olduğunu ağıla belə gətirmək mümkün deyil. Hər halda, inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdəki gender bərabərliyini, eləcə də gender siyasətini hansısa geridə qalmış bir ölkə ilə müqaisə də etmək kimi bir niyyətimiz yoxdur. Çünki müqaisəyəgəlməz dərəcədə fərliliyi etiraf etməkdən başqa çarə qalmır. Dünyanın elə yerləri var ki, həmin yerlər sivilizasiyadan çox-çox uzaqdır və orada gender bərabərliyinin, gender siyasətinin Avropa ölkələrinin apardığı gender siyasəti səviyyəsində olacağı barədə kimsə bir iddia ilə çıxış etmir. Amma bununla belə hər bir ölkədə gender siyasətinə xüsusi diqqət var və əgər dövlət anlayışı, qanunun aliliyi qəbul edilirsə, deməli, hər iki cins arasında bərabərlik anlayışı da qəbul edilməlidir.

İstənilən hüquqi dövlətdə bərabərlik anlayışı birinci yerdə olmalıdır. Bunun əksini heç fərz etmək də mümkün deyil. Cinsindən asılı olmayaraq, daha doğrusu hansı cinsə mənsub olmasından asılı olmayaraq, insanların bərabər hüquqlara malik olmasını məhz hüquqi dövlətin qanunları təsdiq etməlidir və edir də. Bu bərabərliyi təmin edən, bu bərabərliyə zəmanət verən hüquqi baza da olmalıdır. Hər iki cinsin hüquqları məhz hüquqi müstəvidə tənzimlənir və elə məhz onların bərbərlik hüquqları da qanunvericiliklə müdafiə olunur. Amma bununla belə, etiraf etmək lazımdır ki, qanunvericilik, hüquqi baza bu məsələdə heç də kifayət edə bilməz və gender bərabərliyinin pozulması ilə bağlı heç də hər bir məsələ qanun müstəvisinə daşınmır. Sözsüz ki, belə bir məqamda stereotiplərin əhəmiyyətli dərəcədə təsir etdiyi hamı tərəfindən qəbul edilməkdədir. Heç kəs təkzib edə bilməz ki, bir çox hallarda insanlar məhz həmin stereotiplərə görə öz hüquqlarından belə özləri imtina edirlər. Daha dəqiq desək, həmin steretipləri insanların azadlıqlarına, bərabərliklərinə mane olur və deməli, həmin stereotipləri təcili şəkildə qırmaq, sındırmaq gərəkir.

Əlbəttə ki, ilk növbədə cəmiyyət özü istər stereotiplərin götürülməsi, istərsə də bərabərsizliyin aradan qaldırılması hallar ilə mübarizə aparmalıdır. Məhz cəmiyyət özü istər qadının, istərsə də kişinin hüquqlarının pozulmasına biganə qalmamalıdır. Buna qarşı cəmiyyət özü çıxmalıdır. İlk növbədə ictimai qınaq olmalıdır. Cəmiyyət hərhansı hüquq pozuntusunu, ələlxüsus da hər iki cinsin hüquqlarının pozulması hallarını sərt şəkildə qınamalıdır. Sözsüz ki, bu ən təsirli hesab olunur və belə olduğu təqdirdə nə kişilər qadınların hüquqlarını pozmaq haqda düşünməzlər, nə də qadınlar kişilərin hüquqlarını pozmağa imkan qazana bilməzlər. Ümumiyyətlə, gender bərabərliyinə tamamilə qorxaraq yanaşmaq lazım deyil və insanlar bilməlidirlər ki, gender bərabərliyi nə qadının kişinin yerini tutması demək deyil, nə də kişinin qadının yerinə keçməsi kimi başa düşülmür.

Bir çox hallarda gender bərabərliyinin pozulması dedikdə, ancaq qadınların hüquqlarının pozulması barədə fikir formalaşır. Amma heç də belə deyil və bunun əksi də mümkün haldır, hansıki gender bərabərliyi dedikdə bu da nəzərə alınmalıdır. Yəni, kişilərin də hüquqlarının pozulması yolverilməzdir. Ona görə də ümumilikdə cəmiyyətin bu məsələyə çox ciddi və həssas yanaşması tamamilə məqsədəuyğundur.

Doğrudur, tarixi faktara nəzər saldıqda görürük ki, qız uşaqlarına, qadınlara münasibət tamamilə fərqli olub və heç də dövrümüzdəki kimi olmayıb. Bəzən yanlış şəkildə olan hansısa dini baxışlara istinad edərək, ayrı-seçkiliyə yol verilməsi hallar da olub. Halbuki heç bir səmavi din insanlar arasında ayrı-seçkiliyə yol verilməsini, insanların hüquqlarının pozulmasını, azadlıqlarının əllərindən alınmasını tərənnüm etmir. Xüsusən də İslam dini bunun tamamilə əleyhinədir və bərabərliyin tərənnüm edillməsinə xüsusi önəm verir. Bir sözlə, kişi və qadınlar arasında bərabərliyin, gender bərabərliyinin pozulması hallarında hansısa dini inancları əsas gətirmək, ələlxüsus da bunu İslam dini ilə əlaqələndirmək tamamilə yanlışlıqdır. İslam əxlaqı həyatın bütün sahələrində insanlara bərabər olmağı tövsiyə edir.

Sevindirici haldır ki, kişi və qadınlar arasında bərabərliyin təmin edilməsində Azərbaycan dünya ölkələrinin əksəriyyətindən öndədir və hətta, birincilər sırasında olduğu da təkzibedilməzdir. Əvvəla ona görə ki, Azərbaycan xalqı məhz İslam dini inancına sadiqdir və bu dinin tərənnüm etdiyinin əleyhinə çıxış edilməsi qəbul edilən deyil. Bir sözlə, İslam əxlaqı, dini dəyərlərimiz bərabərliyin təminatında xüsusi rol oynayıb və bu zamana qədər də dinimiz xalqımızı bu bərabərliyi qorumağa sövq edib. Digər tərəfdən də, öz mental xüsusiyyətlərinə uyğun olaraq, xalqımızın bərabərliyin əleyhinə olmadığını təsdiq edən tarixi faktlar da kifayət qədərdir. Şərqdə ilk dəfə seçmək, seçilmək hüququnun məhz Azərbaycan qadınına məxsus olduğunu elə bu məqamda xatırlatmaq tam yerinə düşür. Sirr deyil ki, qadınlarımızın cəmiyyətdə rolunun artması artıq ötən əsrin əvvəllərindən müşahidə edilib və 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova olub. Məhz Azərbaycan qadını, beynəlxalq konfransda çıxış edən azərbaycanlı qadın Həmidə Məmmədquluzadə oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını qoyub. Qadınlara seçmək və seçilmək hüququnu Şərqdə ilk dəfə verən Azərbaycan, həmin hüququ illərlə sonra, daha dəqiq desək, 1920-ci ildə verən Amerikanı da, 1944-cü ildə verən Fransanı da geridə qoyub, qabaqlayıb. Bu isə onu deməyə əsas verir ki, müsəlman şərqində Azərbaycan məhz gender bərabərliyi məsələsində inqlab etmiş sayılır.

Reallıq ondan ibarətdir ki, hələ ötən əsrin əvvəllərindən başlayaraq, Azərbaycan qadınları ictimai proseslərdə kişilərlə bərabər çalışıblar. Bu tendensiyanın hələ də davam etməsi isə artıq göz önündədir. İstənilən vəzifədə, dövlət qulluğunda və hərhansı sahədə desək qadınlar kişilərlə bərbər çalışırlar. Qeyd etmək yerinə düşərdi ki, qadınlar hətta çalışdırları işin, vəzifələrin, tapşırıqların, üzərlərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlirlər. Bu gün Milli Məclisdə belə çoxlu sayda qadın millət vəkillərimiz, deputatlarmız var ki, onlar öz fəaliyyətləri ilə kişilərdən geri qalmırlar və dövlətimiz də bunun üçün şərait yaradır. Azərbaycan qadını məktəblərdə, ali təhsil ocaqlarında, universitetlərdə pedaqoji fəaliyyətlə məşğuldur, elmi kəşflər edir, müxtəlif sahələrdə uğurlar qazanır və elmin də, mədəniyyətin də inkişafına töhfələr verir. Ölkəmizin milli maraqlarının müdafiəsində, idman yarışlarında qadınlarımız Azərbaycanı xaricdə təmsil edirlər və bütün bunların da öhdəsindən layiqincə gəlirlər. Azərbaycanın diplomat qadınları kifayət qədərdir. Bu isə təsadüfi deyil və gender siyasətinə xüsusi diqqətin olması ilə əlaqədardır. Çünki belə bir diqqət, gender siyasətinə xüsusi diqqət var deyə, qadınlar üçün hər bir şərait yaradılır, imkanlar verilir və Azərbaycan qadınlarının ictimai proseslərdə kişilərlə bərabər çalışmalarında heç bir maneə ilə rastlaşmamaları özü həmin diqqətin bariz nümunəsidir.

İctimai proseslərdə qadınların rolunun artmasında, onların bütün sahələrdə kişilərlə bərabər çalışmalarında dövlətimizin rolu əlbəttə ki, danılmazdır. Dövlətimiz qadınların kişilərlə bərabər hüquqlara sahib olmaları, həmin hüquqlardan istifadə etmələri üçün yetərincə imkanlar yaradıb. Bu o deməkdir ki, Azərbaycanda gender məsələlərinə həssas yanaşılır və gender bərabərliyinin qorunması istiqamətində uğurlu nəticələrimizin olması gələcəkdə də bu bərabərliyin təminatına artıq zəmin olması deməkdir. Çünki gender siyasətinə xüsusi diqqət var.

Müəllif: İnam Hacıyev

6.3.18. “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.