"Rusiya ağır artilleriyasını işə salıb" - ŞƏRH EDİLDİ

22 Noyabr 2024 15:36 (UTC+04:00)

"Son günlər Rusiya və Ukrayna müharibəsi daha şiddətli mərhələyə qədəm qoyub". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, hər iki tərəf bir-birinə qarşı daha ağır artilleriyadan istifadə edirlər: "Hətta son günlər Rusiya ilk dəfə olaraq yeni, dağıdıcı, çox ağır raketlərlə Ukrayna ərazisini şiddətli atəş altında saxlayıb. Görünən budur ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Baydenin hakimiyyətinin son günlərində Ukraynaya yardımlar göstərməsi, Ukraynanı müharibədə daha da qızışdırması, eyni zamanda müharibəni qızışdırmaq istiqamətində Amerikanın atdığı bir çox addımlar artıq Rusiyanı da qəzəbləndirib. Rusiya öz ağır artilleriyasını işə salıb. Ukraynaya qarşı çox şiddətli hərbi əməliyyatlar həyata keçirir.

Amma hesab edirəm ki, bütün bunlar çox da uzun çəkməyəcək. Çünki hər iki tərəfdən prezidentlər son zamanlarda sülh mesajları verirlər, sülhə hazır olduqlarını, sülh danışıqlarına başlanmasının mümkünlüyünü bildirirlər. Amma axır vaxtlar Amerika Birləşmiş Ştatlarının bu məsələdə bir qədər aqressiv və Ukraynaya yeni silahlardan istifadə etməyə icazə vərməsi məsələni bu həddə gətirib çıxarıb. Bununla paralel olaraq demək olar ki, ilin sonuna qədər artıq Ukrayna və Rusiya arasında qarşıdurma müəyyən qədər səngiyəcək və danışıqlar prosesi başlaya bilər. Çünki Amerika Birləşmiş Ştatlarında yeni prezident seçilən D.Tramp yanvar ayının ortalarından prezident kimi fəaliyyətə başlayacaq. Tramp Rusiya ilə Ukrayna arasında gedən müharibənin sülh yolu ilə həll olunmasına söz verib. Ümid edək ki, Tramp öz vədlərinə sadiq qalacaq. Dünyada sülhün və təhlükəsizliyin qorunması istiqamətində öz səylərini əsirgəməyəcək. Bununla da Rusiya və Ukrayna arasında müharibə tam bitməsə də, müharibənin gedişatında müəyyən qədər sülh əldə etmək olacaq".