“Irrigo – dayanıqlı kənd təsərrüfatı ekosistemi” COP29-da təqdim edilib

22 Noyabr 2024 13:06 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası COP29 konfransı çərçivəsində keçirilən “Green Tech Karabakh” layihəsində uğurla iştirak edib. Komanda auditoriya qarşısında innovativ aqrotexniki həll olan “Irrigo” ağıllı suvarma sistemini təqdim edib. Bu barədə SİA-ya universitetdən məlumat verilib.

“Irrigo” – ağıllı texnoloji həllərə əsaslanan yeni nəsil kənd təsərrüfatı modelidir. Bu modelin əsas məqsədi kənd təsərrüfatında suvarmada istifadə olunan şirin suyun miqdarını minimuma endirmək, istifadəyə yararsız suları üzvi çirkləndiricilərdən, duzlardan və ağır metallardan təmizləyərək onlardan suvarmada istifadə etmək və bu suyun sistemdə dövri hərəkətini təmin edən ekosistem yaratmaqdır. Layihə su ehtiyatlarına qənaət etməklə yanaşı, maddi və vaxt resurslarının optimallaşdırılmasını təmin edir. Sistemin uzaqdan idarəetmə imkanı və hava proqnozu ilə sinxronlaşdırılmış işləmə rejimi kimi müasir xüsusiyyətləri onu kənd təsərrüfatı sahəsində əvəzolunmaz bir tətbiqə çevirir.

Təqdimat zamanı dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr “Irrigo” ağıllı suvarma sisteminin səmərəliliyini, xərcləri azaltma potensialını və ekosistemin qorunmasına olan müsbət təsirini yaxından öyrənmək imkanı əldə ediblər.

Tədbir iştirakçıları sistemin təqdim etdiyi innovativ həllərə böyük maraq göstəriblər.