BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) sonuncu günü öz işini davam etdirir. İlk günlərində olduğu kimi bu gün də konfransa maraq yüksək səviyyədədir.
Bəs dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar COP29-un təşkilatçılığı və Azərbaycan ilə bağlı nə düşünürlər?
Turist Bryan King Undo: "Azərbaycan gözəl ölkədir. Burada çox maraqlı panellər var, maraqlı fəaliyyətlər keçirilir. İnsanlar qonaqpərvərdir. COP29-da iştirak etdiyim üçün sevinirəm. Azərbaycanda olmaqdan şadam. Mənim üçün ən maraqlı olan elə Azərbaycanın özüdür. Bu ölkəni çox sevdim".
Turist Knollis Delle: "Azərbaycanda olmaqdan zövq alıram. Bu ölkə çox gözəldir. İnsanlar çox səmimidir, qonaqpərvər və gülərüzdür. Tədbir maraqlı təşkil olunub. İnanıram ki, dünyamız üçün yaxşı nəticələr əldə olunacaq. Azərbaycan və onun insanlarını yenidən görmək istəyərəm".
Turist Gilbert Koech Kipkurui: "Bu müddət ərzində Azərbaycan tədbiri çox gözəl təşkil etdi və hər şeyi çatdırdı. Mən şadam ki, COP29 tədbirində iştirakçıyam. Azərbaycan yeməklərini və qonaqpərvərliyini çox bəyəndim. İnanıram ki, yenə də yolum bu ölkəyə düşəcək" .
Turist Mactilda Mbenywe: "Azərbaycan və COP29-un gözəl olduğunu fikirləşirəm. Ətrafdakı hər şey gözəl və maraqlıdır. Könüllülər yaxşı işləyir və bizə məlumat almaqda kömək edirlər. İnsanlar səmimidir, dostcanlıdırlar. Azərbaycan COP-u möhtəşəm təşkil etdi. Bu gün son gündür. Mən iştirakçı olduğum müddət ərzində günümü maraqlı keçirdim. Əhəmiyyətli tədbirlərdə iştirak etdim".
Turist Violet Sarah Among: "Azərbaycan haqqında onu deyə bilərəm ki, insanlar çox sevimli və mehribandır. Tədbir faydalı iclaslarla davam etdi. Könüllülər bizə kömək etmək üçün əllərindən gələni etdilər. COP29 çox əla və problemsiz təşkil olunmuşdu. Təhlükəsizlik qaydalarına gözəl riayət olunurdu. Azərbaycanda daha çox metronu və nəqliyyatı sevdim".
Turist Alexandre Curvelo de Almeida Prado: "Azərbaycan dövlətini çox bəyəndim. İnsanlar çox yaxşıdır, mehribandır. Burada təşkil olunan hər şeyi bəyəndim. Mənim ürəyincədir. COP tədbiri ümid edirəm ki, bir çox problemin öhdəsindən gələcək. İnsanlığı və dünyamızı xilas edən layihədir. Azərbaycan isə bunun öhdəsindən çox yaxşı gəldi".