Noyabrın 22-də COP29 çərçivəsində Yaşıl Zonada “Afrika gənclərini ön sıralara çəkmək: CorpsAfrica yaşıl təşəbbüsündən öyrənilən dərslər” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən iqlim fəalı Malamin Badyan Afrikada iqlim dəyişikliyi ilə mübarizə aparmaq və yerli icmaların həyatını yaxşılaşdırmaq üçün həyata keçirilən proqramlardan danışıb. O, Keniya və Seneqal kimi ölkələrdə həyata keçirilən təşəbbüsləri nümunə göstərib. Bildirib ki, Keniyada kəndlərdə qurulan mətbəx bağçaları sayəsində ailələr öz qida tələbatlarını ödəyə bilir, uşaqlar məktəbə qayıdır və icmalar daha dayanıqlı həyat şəraiti qururlar. Seneqalda isə qadınlara kömür briketlərinin hazırlanması öyrədilib ki, bu da meşələrin qırılmasının qarşısını alır və qadınların gəlir mənbəyini təmin edir.
İqlim fəalı qeyd edib ki, bu proqramlar Afrikanın 10 ölkəsində tətbiq edilir və 500-dən çox könüllü icmaya dəstək göstərir.
“Birləşərək hərəkət etsək, iqlim dəyişikliyinə qalib gələ bilərik”, - deyə o çıxışını yekunlaşdırıb.
Daha sonra tədbirdə müxtəlif ölkələri təmsil edən gənclər “Nəsillərarası həmrəylik: COP-dan sonra bizi nə gözləyir” mövzusunda da müzakirələr aparıblar.