İraqda əhalinin siyahıyaalınması ikinci günündə də davam edir.
SİA-nın əldə etdiyi məlumata görə, ölkədə 1997-ci ildə aparılan sonuncu əhalinin siyahıyaalınmasına İraq Kürd Regional Rəhbərliyinə (KRH) aid Ərbil, Süleymaniyyə və Duhok şəhərləri daxil edilməyib.
ABŞ-ın 2003-cü ildən sonra İraqı işğal etməsindən sonra baş verən müxtəlif şiddət hadisələri səbəbindən hər 10 ildən bir keçirilməsi nəzərdə tutulan siyahıyaalma təşkil edilə bilmədi.
Bu dəfə keçirilən siyahıyaalmada vətəndaşların etnik və məzhəb mənsubiyyəti ilə bağlı suallar verilmir.
İraqlılara yalnız müsəlman və ya xristian olduqlarına dair suallar verilir.
Kərkükdə əhalinin siyahıya alınmasından əvvəl ölkənin şimal şəhərlərindən siyahıyaalma üçün şəhərə köçən ailələrin görüntüləri sosial mediada paylaşılıb.
Baş verənlərə reaksiya verən İraq Türkmən Cəbhəsi sədri Həsən Turan şimal şəhərlərindən Kərkükə 260 min insanın gətirildiyini və onların Kərkük əhalisinin qeydiyyatına alınmasının istənildiyini açıqlayıb.
H.Turan Kərkükün demoqrafik strukturunu dəyişdirməyi hədəfləyən bu hadisə ilə əlaqədar Kərkük siyahıyaalma nəticələrinin təxirə salınmasını istəyib.
İraqın rəsmi orqanları Kərkük hadisələri ilə bağlı hələlik heç bir açıqlama verməyib.
İraq Planlaşdırma Nazirliyinin siyahıyaalmanın ilkin nəticələrini sayma başa çatdıqdan sonra 2 gün ərzində açıqlayacağı gözlənilir.
Planlaşdırma Nazirliyinin sözçüsü Abduzzehra Hindavi siyahıyaalmanın yekun nəticələrinin 2 ay ərzində açıqlanacağını bildirib.