Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Misirin xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdelati arasında telefon danışığı aparılıb. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan ilə Misir arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində əlaqələndirmə işlərinin təkmilləşdirilməsi, ölkələrin maraqlarına daxil olan istiqamətlərdə birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında aparılan müzakirələr, qlobal əhəmiyyətli bu tədbirin iqlim dəyişmələri ilə mübarizə sahəsində rolu və yaşıl enerji sahəsində Azərbaycan-Misir əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.