Noyabrın 22-də İstanbul Enerji Forumu keçiriləcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin himayəsi ilə Anadolu Agentliyi tərəfindən təşkil ediləcək forum bu il “Ortaq gələcək, ortaq hədəflər” mövzusuna həsr olunub.
Forumda müxtəlif ölkələrin enerji sahəsindən məsul yüksəksəviyyəli dövlət rəsmiləri, yerli və xarici vətəndaş cəmiyyətlərinin, beynəlxalq qurumların nümayəndələri, elm xadimləri və iş adamları iştirak edəcəklər.
Tədbirdə enerji sektorunda regional hədəflər, təbii qaz tədarükü təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu, enerji transformasiyasının maliyyələşdirilməsi kimi regional və beynəlxalq məsələlərlə yanaşı, enerji mənbələri, texnoloji inkişaf və bir sıra digər məsələlər ətrafında fikir mübadilələri aparılacaq, qlobal səviyyədə dialoq imkanı yaradılacaq.
Forumun açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fahrettin Altun, Anadolu Agentliyinin İdarə Heyətinin sədri və Baş direktoru Serdar Karagözün çıxışları nəzərdə tutulub.