Foto həvəsi, narkotikə meyillik, yoxsa təhlükəli xəstəlik? - MÜSAHİBƏ

20 Noyabr 2024 17:38 (UTC+04:00)

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Nərmin Azadovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Qəlyan bir növ dəb halına keçib? Yoxsa insanların bir foto xatirinə bir şəkil çəkdirim özümü göstərim prinsipidir. Bu bir növ xəstəlik yaradır?

- Mən ilk öncə tütünlə bağlı açıqlama vermək istərdim. Bəşəriyyətin ən ciddi problemlerindən olan xalqın, millətin təhlükə mənbəyinə çevrilən tütün dilindən, dinindən, irqindən və cinsindən asılı olmayaraq hər kəs üçün eyni təhlükə mənbəyidir. Tütün elə bir bəladır ki, ondan istifadə edən insanlar təkcə öz sağlamlığını deyil, ətrafında olan insanların da sağlamlığını təhlükə altına atmış olur. Siqaretdən istifadə zamanı onun tərkibində olan toksik maddələrin 25 faizi siqaret çəkənin ağciyərinə daxil olur, digər 75 faizi isə atmosferi zəhərləyir və bu zəhərli hava ilə nəfəs alan hər kəs tütünün zərərli təsirinə məruz qalmış olur. Bu da ikincili tütünçəkmə yəni, passiv tütünçəkmə hesab olunur.

- Bugün dünyada 8 milyon insan tütünün səbəb olduğu xəstəlikdən dünyasını dəyişir ki, bunun bir milyonu passiv tütün çəkənlərdir. Bununla yanaşı üçüncülü tütünçəkmə də vardır ki, hansı ki qapalı məkanda siqaretdən istifadə edilibsə, ondan ayrılan toksit maddələr divana, divara, döşəməyə hopur və otağa daxil olan şəxs yenidən siqaretin zərərli təsirinə məruz qalmış olur. Bu bir daha siqaretin hansı zərərli təsirə malik olduğunun göstəricisidir.

Bununla yanaşı, siqaretin tərkibində 7 minə yaxın kimyəvi maddə vardır ki, bunlardan 70-i konserogen maddələrdir. Bu da insanlarda dövrün bəlası olan xərçəng xəstəliyinin yaranmasının əsas səbəbidir. Təsadüfi deyil ki, bugün ağciyər xərçəngi ilə bağlı ölümlərin 90 faizi siqaretin payına düşür. Biz siqaret dedikdə burada təbii ki elektron siqaretlər, qəlyanları da nəzərdə tuturuq. Belə ki 2017-ci ildə cənab Prezident tərəfindən tütünün istifadəsinin məhdudlaşdırılması haqqında qanuna əsasən bütün növ qəlyan və elektron siqaretlər siqaret hesab olunur. Onların istifadəsi və zərərlərindən siqaretə olduğu qədər nəzarət olunmalıdır.

- Bir saat qəlyan çəkmək 100 ədəd siqaret çəkməyə bərabər hesab olunur. Siz necə düşünürsünüz?

- Biz əsasən sübutlara əsaslanan məlumatlar verməyi özümüzə borc bilirik. Çünki biz dövlət qurumuyuq və bu barədə araşdırmalara əsaslanan məlumatlar veririk.

Müəyyən araşdırmalara əsaslanaraq deyə bilərik ki, bəli, bir saat qəlyandan istifadə 100 ədəd siqaret çəkməyə bərabərdir və bundan əlavə qəlyanın tərkibində olan nikotin güclü şəkildə asılılıq yaradır.

Ümumiyyətlə aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, mütəmadi şəkildə qəlyandan istifadə edən insanların qanında yüksək dərəcədə katolin maddəsi aşkar olunur. Katolin maddəsi nikotinin törəməsidir. Elə bu da insanlarda asılılıq yaradır və qəlyanda olan həmin maddələr müəyyən müddət sonra siqaretə meyli artırır və bugün qəlyandan istifadə edən gənclərimizin gələcəkdə siqaretə müraciət etməkləri yüksək şəkildə gözlənilir.

- Bugün əsas məsələlərdən biri də azyaşlı uşaqların elektron siqaretlərə, qəlyanlara alüdə olmasıdır. Sizcə onlarda bu məsələlərə maraq niyə artıb? Bir növ kimdənsə örnək götürürlər, yoxsa bəhsə- bəhslik prinsipi ortaya çıxır? Hətta məktəbli uşaqların belə əllərində bugün biz şəhərə çıxsaq elektron siqaretlər var. Bu nədən irəli gəlir?

- Bəli, təəssüflər olsun ki, sırf marketinq siyasətinə xidmət edən elektron siqaretlər ictimaiyyətə təqdim olmamışdan qabaq insanlar arasında dırnaqarası belə bir reklam yayıldı ki, elektron siqaretlər siqaret deyil, hətta siqaretdən uzaq durmaq üçün bir vasitədir. Lakin araşdırmalar bir daha sübut etdi ki, bu qətiyyən belə deyil. Elektron siqaretlər də siqaret hesab olunur və ən azı siqaret qədər zərərlidir və tərkibində kifayət qədər nikotin var. Onun tərkibində olan xüsusi dadlandırıcı maddələr həyata keçirir və lazımi danışıqlar aparılır. Biz hesab edirik ki yaxında bunun da müsbət geri dönüşlərini əldə edəcəyik.

- Məkanlarda hər hansı bir qadın qəlyan çəkdikdə ona “pis gözlə” baxırlar. Hətta şəklini də çəkib dost-tanışa yollayanlar var. Bunun səbəbi nədən qaynaqlanır?

- Bu etik cəhətdən düzgün deyil. Çünki hər kəsin şəxsi işidir və hər kəs ona verilən həyatı istədiyi şəkildə yaşaya bilər. Bu xüsusilə Azərbaycan xanımı üçün heç diqqətçəkici görünmür. Mən bir məkanda əyləşsəm və yan masada bir qadın siqaret, yaxud qəlyan çəksə bu mənim diqqətimi heç cəlb etməz. Əksinə, ona yazığım gələr. Çünki o sabahın anasıdır. Sabah onun dünyaya gətirəcəyi övlad da xəstə olacaq. Mən anadan çox onun övladını düşünürəm. Amma biz heçkimi qınaya bilmərik. Mən bir mütəxəssis olaraq bunların zərərləri barədə həmin qadına məlumat verə bilərəm.
Son dövrlər qəlyan kimi zərərli vərdişlər bağ evlərində çox təşkil olunur. Üstəlik bütün yaxınlar da burada bir yerə yığışır. Bununla fəxr edirlər ki, “Gəl bizə, bizdə qəşəng qəlyan var”. Çox təəssüflər olsun ki, bu da maarifsizliyin bir nəticəsidir.

- Elektron siqaretlərin yağının xərçəng yaratdığı söylənilir. Bu nə dərəcədə doğrudur?

- Elmi araşdırmalara əsaslanaraq bildirirəm ki, istər qəlyan, istər siqaret, istərsə də elektron siqaretlərin tərkibində olan maddələr insanlarda xərçəng xəstəliyini yarada bilən maddələrdir. Tütünə nisbətən bu elektron siqaret və qəlyanda az ola bilər. Amma bu o demək deyil ki, onlar zərərsizdir. Bunlardan istifadə insanda bir aylıq immuniteti məhv edir. İmmunitetin zəifləməsi də insanın bir çox xəstəliklərə yoluxmasına şərait yaradır.

- Azyaşlı qızların da qəlyandan istifadə hallarına rast gəlinir. Xanımlara yaraşmayan hərəkətlər var ki, bəzi xanımlar belə edir. Bu nədən irəli gəlir? Bu Avropa mədəniyyətidirmi? Yoxsa biz özümüz bu amilləri təbliğ edirik?

- Bilirsiniz, Azərbaycan bugün dünyaya inteqrasiya edir. Bu inteqrasiyanın müsbət nəticələri ilə yanaşı təbii ki mənfi nəticələri də var. Məhz elə bugün xanımlarımızın siqaretdən, qəlyandan, elektron siqaretdən istifadə etməsi bu inteqrasiyanın mənfi tərəfidir. Yəni onlar özünü müasir göstərmək, avropalaşmaq niyyəti ilə bunu edir. Lakin onlar bir anadır, bir xanımdır. Bizim nə milli mentalitetə, nə xanımlığımıza uyğun gəlmir, qadınların zərərli vərdişlərdən istifadə etməyi. Bu baxımdan deyirəm. Amma zərərli olmaq baxımından fərqi yoxdur kişiyə, qadına, azyaşlıya və yaxud daha çox yaşlıya zərər eyni dərəcədədir. Təbii ki azyaşlıların orqanizmləri tam formalaşmamış olur, onların bədəni xəstəliyə daha meylli olur. Azyaşlı uşaqlara, körpələrə bu daha zərərdir. Ona görə də siqareti qadın, kişi, uşaq, böyük fərq etmir hər kəs üçün eyni zərərə malikdir. Bunun üçün dövlətimiz lazımi tədbirlər həyata keçirir ki, gənclərimiz bu zərərli vərdişlərdən uzaq dursun. Belə ki Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İdman Mərkəzi tərəfindən 2021-ci ildən tütünlə mübarizə məqsədilə qaynar xətt yaradılmışdır. 050 -870 -45 nömrəsinə istənilən hər kəs müraciət edib psixoloji dəstək və tövsiyə ala bilərlər. Bu qaynar xətt mütəmadi olaraq fəaliyyət göstərir. Qaynar xətdən nəinki siqaretdən istifadə edənlər, onların yaxınları da müraciət edib psixoloji dəstək və tövsiyə ala bilərlər.

Ayşən Vəli