DGK iqlim dəyişikliyi ilə mübarizədə davamlı islahatlar həyata keçirir - Şahin Bağırov

20 Noyabr 2024 16:18 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi iqlim dəyişikliyi ilə mübarizə sahəsində ətraf mühitin qorunması, ekoloji risklərin idarə olunması və beynəlxalq standartların tətbiqi üzrə davamlı islahatlar həyata keçirir. SİA xəbər verir ki, bu sözləri COP29 çərçivəsində “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda beynəlxalq tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov deyib.

O qeyd edib ki, xüsusilə Dünya Gömrük Təşkilatı (DGT) bu sahədə beynəlxalq standartları inkişaf etdirərək qanuni ticarətin asanlaşdırılması, o cümlədən gömrük nəzarətinin tətbiqi üzrə mexanizmlərin işlənib hazırlanmasında vacib rola malikdir. Bu isə üzv dövlətlərin səmərəli fəaliyyətinə əvəzsiz töhfə verir.

Vurğulanıb ki, Dövlət Gömrük Komitəsi DGT-nin tullantıların, eləcə də ozon qatını dağıdan maddələrin qeyri-qanuni transsərhəd daşınması ilə mübarizə üzrə Birgə Gömrük Əməliyyatı olan DEMETER əməliyyatlarında iştirak edib.