“Qeysəriyyə əməliyyatı ana tərəfindən verilən qərar olmamalıdır. Bu əməliyyat həkim nəzarətində olan ananın təbii doğuş problemləri yaşayacağına əmin olan mütəxəssisin rəyi əsasında reallaşdırılmalıdır və hamiləliyin sonlarına doğru bu qərar qətiləşməlidir. Qeysər kəsiyi ilə əməliyyat olunacaq ana bunun təbii doğuş edə bilmədiyi üçün edildiyinin fərqində olmalıdır. Üstəlik o bilməlidir ki, qeysər kəsiyinə özü istədiyi üçün yox, həkim əsaslandırdıqda icazə verilir. Amma təəssüf ki, bizdə bu gün qeysər kəsiyi ilə doğuş əməliyyatlarının çoxusu əsassız icra olunur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O bildirib ki, keysəriyyə əməliyyatı qadınların “zerkalni” gün istəyi ilə olmamalıdır. Toy gününə, ad gününə, nişan gününə, başqa hər hansı bir əlamətdar günə salmaq üçün övladını təbii doğuş vaxtından əvvəl əməliyyatla götürülməsində israrçı olan, bunun üçün əlindən gələni edən valideynlər üçün bir ölçü götürülməlidir. Onların bu tələbinə alət olan, heç bir tibbi göstəriş olmadan keysəriyyə əməliyyatı icra edən həkimlər barədə də həmçinin.
2019-cu ildə Amerikada aparılan araşdırmaya görə, qeysəriyyə əməliyyatı ilə doğulan körpələrdə autizm riski normal doğuşlarla müqayisədə 33 faiz çoxdur. Həmçinin araşdırmada ortaya çıxan bir maraqlı məsələ də o oldu ki, əməliyyat yolu ilə doğulan uşaqlarda son illərin ən çox rastlanan problemlərindən biri olan diqqət əskikliyi riski 17 faiz yüksəkdir”.
Məsələ ilə bağlı cərrah, mama-ginekoloq Ləman Əliyeva fikirlərini bölüşüb: “Uşağın qeysəriyə yoxsa təbii doğuş yolu ilə dünyaya göz açması həkim və ya xəstənin istəyinə bağlı deyil. Çünki bu proses Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq protokoluna uyğun olaraq həyata keçirilir. Belə ki, qeysəriyə əməliyyatına xüsusi göstərişlər olmalıdır. Hansı ki, həmin göstərişlər olmadan qeysəriyə əməliyyatını etməməliyik. Lakin bəzi hallarda xəstələr heç bir halda təbii doğuşa razı olmur və biz göstərişlərdən birini qeyd etməyə məcbur oluruq”.