Rəsmi Bakı Fransanın səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib

20 Noyabr 2024 14:51 (UTC+04:00)

Fransanın Azərbaycandakı səfiri Ann Buayon noyabrın 20-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. SİA-ya XİN-dən verilən məlumata görə, görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

"Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb".

Bundan başqa səfirin diqqətinə Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu çatdırılıb.

"Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub", - XİN-oin məlumatında deyilir.