“Fransa müstəmləkəçiliyi altında yaşayan xalqlar artıq barışmaq istəmir“ - ŞƏRH OLUNDU

20 Noyabr 2024 14:11 (UTC+04:00)

“Fransanın uzun illər yürütdüyü müstəmləkəçi siyasəti artıq ciddi etirazlarla qarşılandığını görürük. İllərdir Fransa müstəmləkəçiliyi altında yaşayan xalqlar artıq bununla barışmaq istəmir, buna öz etirazını bildirir. Bununla bağlı xalq hərəkatlarının, müxtəlif birliklərin yaradılmasının şahidi oluruq”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, dünyada liberal dəyərlər, azad toplaşma, müxtəlif QHT-lər vasitəsi ilə öz siyasi məqsədlərini həyata keçirən Fransa dövləti indi öz müstəmləkəsi altında olan ölkələrdə müstəqil xalq hərəkatlarını bu formada boğmağa çalışır: “Haqlı olaraq orada yaşayan xalqlar bu qanunsuzluğa, qiymətlərin artımına etiraz edir, lakin biz görürük ki, dənizaşırı işlər üzrə nazir Fransa müstəmləkəsi olan Martinikə səfər edir, lakin orada Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin (RPPRAC) lideri Rodriqe Petito ilə görüşüb onu dinləmək, onların problemləri ilə maraqlanmaq istəmir. Baxmayaraq ki, bu nazirliyin vəzifəsi birbaşa bu ölkələr ilə məşğul olmaqdır. Belə görünür ki, Fransa üçün həm ölkə daxilində, eyni zamanda dənizaşırı ölkələrə iqtisadi, sosial və yerli xalqların siyasi hüquqları ilə bağlı problem getdikcə böyüməkdədir.

Fransa hökuməti isə bu problemlərin qarşısını vaxtında almaq əvəzinə digər regionlara yersiz müdaxilələr etməklə məşğuldur. Bütün bu narazılıqlar Fransa dövlətinin təhlükəsizliyi üçün təhdid sayıla bilər, çünki illərdir neokolonilizm siyasəti, orada yaşayan xalqların və ölkələrin sərvətlərinin istismarı artıq Fransanın ciddi başağrısına çevrilib”.