Fiziki şəxslərin əldə etdikləri gəlirlərinin 75 faizi vergidən azad edilir

20 Noyabr 2024 11:52 (UTC+04:00)

Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir. SİA xəbər verir ki, bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Qeyd edilən xidmət sahələri aşağıdakılardır:

- Proqram təminatının işlənməsi;

-layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;

- tərcümə xidmətləri;

- reklam xidmətləri;

- araşdırma və tədqiqat sahəsində fəaliyyət;

- elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;

- Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;

- Jurnalistlərin fəaliyyəti;

- Bazar konyukturunun öyrənilməsi;

- Qiymətləndirmə fəaliyyəti;

- Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;

- Turizm bələdçiliyi;

- İxrac xidməti.

Xatırladaq ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad ediliib.

Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüququ şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.