Ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərlə test imtahanı dekabrın birində keçiriləcək. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 1 dekabr 2024-cü il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli keçiriləcək. Belə ki, ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər 9 noyabr saat 14:00-dan 25 noyabr saat 11:00-dək imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.
Müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə namizədlər nazirliyin rəsmi saytında "Qulluğa qəbul" bölməsində və elektron kabinetlərində tanış ola bilərlər.
Test imtahanında iştirak edəcək namizədlər buraxılış qaydalarına uyğun olaraq imtahana 1 saat əvvəl gəlməli və "İmtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
İmtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanından keçid balı 55-dir.
Qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.