COP29 çərçivəsində “Qlobal məqsədlərdən yerli fəaliyyətə: Aqro-ərzaq sistemlərini gücləndirmək üçün regional təşəbbüslər” mövzusunda panel müzakirə keçirilib. SİA xəbər verir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəsmiləri, eləcə də müxtəlif beynəlxalq və regional təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə regional qida və kənd təsərrüfatı ilə bağlı təşəbbüslər haqqında müzakirələr aparılıb.
Tədbirə moderatorluq edən Dünya Resursları İnstitutunun Afrika üzrə direktor müavini Rebekka Şirli bildirib ki, istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı dayanıqlılığın artırılması mühüm əhəmiyyət kəsb edir. Ərzaq sistemləri sahəsində regionlararası əməkdaşlığın getdikcə inkişaf etdiyini müsbət hal kimi səciyyələndirən R. Şirli diqqətə çatdırıb ki, tədbirdə COP-ların ardınca insanların, təbiətin və iqlimin xeyrinə iqlimə davamlı aqrar və ərzaq sistemlərini gücləndirmək üçün bir sıra regional təşəbbüslərdən bəhs ediləcək.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, indiyədək iqlim dəyişikliyi və mübarizə tədbirləri ilə bağlı irəli sürülən müxtəlif təşəbbüslərdən bəziləri regional maraq və siyasətlərə uyğunlaşdırılıb: “128 min hektardan çox kənd təsərrüfatı torpaqlarının bərpası və su ehtiyatlarına, xüsusən də 5 böyük çaya çıxış əldə etməklə Azərbaycanın kənd təsərrüfatı potensialını artırıb. Azərbaycanın su balansının 70 faizinin ölkədən kənardan gəlməsini nəzərə alaraq, iqlimə uyğun, xəstəliksiz və icma əsaslı kənd təsərrüfatının inkişafı bu ərazilərin əsas inkişaf hədəfləridir.
Nazir bildirib ki, iqlimə davamlı kəndlər üzrə forumun yaradılması elan ediləcək: “Bu təşəbbüs ölkələrimizin kənd yerlərinin inkişafı siyasətinə müsbət təsir göstərəcək və kənd əhalisinin rifahını asanlaşdıracaq”.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük yenidənqurma və bərpa işlərinin aparıldığını xatırladan nazir bu ərazilərdə kənd yerlərinin inkişafı üçün ağıllı şəhər və ağıllı kənd konsepsiyasından istifadə edildiyini qeyd edib və bütün tərəfdaş dövlətlərin müəssisələrini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmağa çağırıb.
TDT Baş katibinin müavini Sədi Cəfərov təşkilata üzv ölkələrin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat-logistika infrastrukturu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. TDT rəsmisi kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini, iqlim dəyişikliyinin təsirlərinin azaldılması, qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu qeyd edib.
Daha sonra çıxış edən Qırğızıstanın Su təsərrüfatı, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini Mirbek Duyşeyev ölkəsinin quraqlıqdan əziyyət çəkdiyini, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə mənfi təsirlərinin artığını qeyd edib. O, iqlim fəaliyyətinin daha da gücləndirilməsini nəzərdə tutan təşəbbüsləri dəstəklədiklərini və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Tədbir çərçivəsində “İqlimə Davamlı Kəndlər Forumunun yaradılması barədə” birgə bəyanat imzalanıb. Sənəd kənd yerlərinin inkişafı, “ağıllı kənd təşəbbüsləri”, iqlimə davamlı kənd layihələri ilə bağlı ən yaxşı təcrübələri paylaşılması, iqlim uyğunlaşması, regionların üzləşdiyi çətinliklərin qiymətləndirilməsi və əkinçilik icmalarının iqlimə daha davamlı olması üçün imkanların gücləndirilməsi ilə bağlı mütəmadi təcrübə mübadiləsinin aparılmasını, davamlı torpaq idarəçiliyi, suyun mühafizəsi, bərpaolunan enerjinin qəbulu, fəlakət riskinin azaldılması ilə bağlı strategiyaların hazırlanmasını nəzərdə tutur.
Panel müzakirədə çıxış edən yerli və xarici mütəxəssislər iqlimə davamlı aqro-ərzaq sistemlərinin qurulması, aqro-ərzaq sisteminin transformasiyası, qlobal iqlim fəaliyyəti barədə öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, iqlim dəyişikliyi ilə bağlı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılıb.