“Avropanın müəyyən dairələrinin cəhdlərinə baxmayaraq COP29-u “boykot” etmək alınmadı. Avropanın aparıcı liderləri, digər bölgələrin birinci şəxsləri COP29-a qoşularaq iqlim dəyişmələri ilə bağlı çox ciddi müzakirələr apardılar. Burada qəbul edilən qərarlar, planetimizin yaşıl mənzərəsinin qorunmasına çox ciddi kömək edəcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, COP29-da iştirak edən Avropa liderlərinin çıxışlarında iqlim dəyişmələrini təkcə sözlə deyil, eyni zamanda çox ciddi investisiya yatırmaqla müsbət tərəfə yönəltmək barəsində də təkliflər səsləndirildi: “Artıq bununla bağlı ciddi proqramlar işlənilir. Bütün bunlar göstərir ki, Azərbaycan yaşıl dünya naminə həmrəyliyə öz töhfəsini verdi. Nəinki COP29 yüksək səviyyədə təşkil etmək, müzakirələr üçün müvafiq şərait yaratmaq, hətta Azərbaycan öz imkanına uyğun olaraq vəsait də ayırmağa hazırdır.
Hesab edirəm ki, COP29 qarşısına qoyulan məqsədlərə çatdı. Dünya ictimaiyyəti bir daha planetimizi qorumaq məsələsində öz mövqeyini ortaya qoydu. Aparılan müzakirələr təkcə liderlərin iştirakı ilə deyil, eyni zamanda ekofəalların, məsələyə münasibəti olan dairələrin iştirakı ilə baş tutdu. Sadə vətəndaşların yaşıl zonaya daxil olaraq müzakirələri kənardan izləmək, pavilyonları seyr etmək imkanının yaradılması yaşıl dünya fikrinin cəmiyyətdə formalaşmasında mühüm rol oynadı. Hesab edirəm ki, Azərbaycan COP29-a gələn qonaqlara yaşıl dünyanı qorumaq üçün atdığı praktiki addımları da göstərdi. Ənənəvi neft-qaz ölkəsi olmasına baxmayaraq, ildən-ilə yaşıl enerjinin həcmi artır. Günəş, külək elektrik stansiyalarının çoxalması da buna bir daha sübutdur. İşğaldan azad edilmiş ərazilərimiz və Naxçıvan MR-nin yaşıl zona elan edilməsi Azərbaycanın planetimizi qorumaq məsələsinə verdiyi mühüm töhfə olacaq”.