COP29-da aşağı emissiyalı ərzaq sistemlərinə transformasiyada elm və innovasiyanın rolu müzakirə edilib - FOTOLAR

19 Noyabr 2024 11:42 (UTC+04:00)

COP29 iqlim konfransında “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” adlı yan tədbir keçirilib. SİA xəbər verir ki, COP29 Sədrliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupunun (CGIAR) ilə birgə təşkil etdiyi tədbir Ərzaq və Kənd Təsərrüfatı Gününə həsr olunub.

CGIAR-ın icraçı direktoru İsmahane Elouafi çıxışında bildirib ki, bu gün dünyamız iki qeyri-adi çağırışla üz-üzədir və dünyanın ən təcili iki problemi olan iqlim dəyişikliyi və qida təhlükəsizliyi bir-biri ilə sıx əlaqəlidir. İstixana qazlarının təxminən üçdəbiri kənd təsərrüfatı, meşəçilik və torpaq istifadəsindən yaranır, bu göstərici aşağı və orta gəlirli ölkələrdə təxminən 70 faizə çatır. Dünyanın ərzaq ehtiyatının üçdəbirini təmin edən və dünya təsərrüfatlarının 83 faizini təşkil edən 500 milyon kiçik təsərrüfatçının bir çoxu iqlim dəyişikliyindən xüsusilə əziyyət çəkən bölgələrdə yaşayır, bu da hər gün onların həyatını və dolanışığını təhlükə altına qoyur.

Məruzəçi, həmçinin təmsil etdiyi qurumun dünyanın müxtəlif regionlarında həyata keçirdiyi elmi tədqiqat, tətbiqi təşəbbüslər və innovativ yanaşmalar barədə məlumat verib. Qeyd edilib ki, tətbiqi innovasiyalar metan emissiyalarını 30 faiz azalda bilər, heyvandarlıq istehsalında istixana qazlarının azaldılması üçün yol xəritəsi təqdim edə və daha geniş tətbiq və siyasət inteqrasiyası üçün əsas yarada bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova çıxışında bildirib ki, iqlimdə kəskin dəyişikliklər, temperaturun artması, çox isti günlərin sayının artması, çaylarda su səviyyəsinin azalması, quraqlıq, şoranlaşma, iqlimlə əlaqəli biotik stressin intensivləşməsi kimi problemlər mövcuddur. Quraqlıq, torpaq deqradasiyası və səhralaşma Azərbaycanda da ciddi məsələlərdən biridir.

Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi institutları da qida və ekoloji balansın təmin edilməsi, müasir yanaşmaların kənd təsərrüfatında tətbiqinə töhfə verməyi diqqət mərkəzində saxlayır. Bu xüsusda elmi və innovativ yanaşmalar vasitəsilə biomüxtəlifliyin, torpaq və su resurslarının bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatlar, həmçinin elektron məlumat bazası xəritələrinin yaradılması sahəsində görülən işlərdən bəhs edilib, həmçinin avtomatlaşmadan süni intellektə kimi innovativ yeniliklərin kənd təsərrüfatında tətbiqinə toxunulub.

Akademik İ. Hüseynova bildirib ki, beynəlxalq mərkəzlər, elmi-tədqiqat institutları, o cümlədən CGIAR ilə qurulan əlaqələr Azərbaycanda aqrar-ərzaq sistemlərinin tədqiqatlarına böyük təkan verib və bu sahədə daha çox irəliləyiş üçün zəmin yaradıb.

Braziliya Aqrar Tədqiqatlar Cəmiyyətinin prezidenti Silvia Massruha elmi və innovativ yanaşmaların tətbiqində ölkəsinin təcrübəsi barədə danışıb, bitkiçilik, heyvandarlıq və meşəçiliyin inteqrasiyasını əhatə edən dayanıqlı istehsal sistemlərinin inkişafından bəhs edib. Qeyd edilib ki, Braziliya qida təhlükəsizliyi, qidalanma, ekosistem xidmətləri və iqlim dəyişikliyi sahələrində problemlərlə üzləşir və fermerlərin 77 faizi kiçik və ya orta sahibkarlıq subyektləridir. 1996-cı ildən bəri tətbiq olunan dövlət siyasətləri iqlim risklərini azaltmağa və bioiqtisadiyyatı təşviq etməyə, eləcə də iqlimə uyğunlaşma və onun təsirinin azaldılması, rəqəmsallaşma və avtomatlaşdırma, yeni texnologiyalardan istifadə etməklə kənd təsərrüfatının məhsuldarlığını və dayanıqlılığını artırmağa xidmət edir.

Yaponiya kənd təsərrüfatı, meşəçilik və balıqçılıq nazirinin müavini Kubota Osamu ölkəsinin elm və innovasiya vasitəsilə aşağı emissiyalı və davamlı qida sistemləri qurmaq üçün fəal tədbirlər gördüyünü diqqətə çatdırıb. Bildirilib ki, 2021-ci ildə Yaponiyada dayanıqlı qida sistemlərinin yaradılmasına yönəlmiş “Yaşıl Orta Şərq Strategiyası” qəbul edilib və bu strategiyada xüsusilə innovasiyanın sürətləndirilməsinə, həm məhsuldarlığı, həm də dayanıqlılığı artırmağa qadir olan iqlimə uyğun kənd təsərrüfatı texnologiyalarına diqqət yetirilir.

Digər çıxışlarda elmi və innovativ yanaşmaların ərzaq sistemlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığa sadiq qalmağın, bilik paylaşmağa və iqlimə uyğun ağıllı qida sistemlərini təmin edəcək sərmayələri dəstəkləməyin vacibliyi vurğulanıb. Qeyd edilib ki, kollektiv fəaliyyətin, elmi innovasiyaların və strateji əməkdaşlığın aqrar və ərzaq sistemlərinin gələcəyini təmin etmək üçün həll yolları araması vacibdir. Çünki qida istehsalı, emalı, nəqli, ticarəti, saxlanması və istehlakı iqlim dəyişikliyinə qarşı mübarizədə göstərilən səylərin mərkəzində olmalıdır. Bu sahələrdə əhəmiyyətli transformasiya olmadan, dünya nə iqlim, nə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilməz, çünki kənd təsərrüfatı həm emissiyaların azaldılmasında, həm də dekarbonizasiyada mühüm rol oynayır.