COP29-da ATACH Günü - FOTO

19 Noyabr 2024 11:27 (UTC+04:00)

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ATACH Günü keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev iqlim dəyişikliyinin qlobal problem və bəşəriyyət üçün real təhlükə kimi dövrümüzün ən çox müzakirə olunan mövzularından biri olduğunu qeyd edib: “Son vaxtlar yalnız uzaq gələcəkdə mümkün kimi qəbul edilən problem indi qapımızı “döyür”. Quraqlıq, su qıtlığı, anomal istilər və dəniz səviyyəsinin qalxması insanları əsrlər boyu yaşadığı məkanlardan tərk etməyə məcbur edir”.

Nazirin sözlərinə görə, ölkələrin və ayrı-ayrı şəxslərin üzləşdiyi iqtisadi itkilər əhəmiyyətli olsa da, bu itkilər müəyyən dərəcədə geri qaytarıla bilər. “Əslində, sağlamlığa təsirlər hazırda müşahidə etdiyimiz iqlim dəyişikliyinin ilk və ən ani təsirlərindən biridir. Bu, açıq şəkildə göstərir ki, iqlim dəyişikliyi ilə bağlı hər hansı müzakirə onun sağlamlığa təsirini nəzərə almadan natamamdır”, - deyə o bildirib.

Azərbaycanın İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına (ATACH) rəsmi olaraq qoşulduğu və 2024-2026-cı illər üçün Alyansın həmtəşkilatçısı kimi çıxış edəcəyi vurğulanıb: “ATACH iqlim və sağlamlıq məsələləri üzrə milli və beynəlxalq əməkdaşlıq üçün əsas qlobal platforma rolunu oynayır. Alyans Şarm əl-Şeyx Uyğunlaşma Gündəliyinə (COP27), COP28-in Sağlamlıq Bəyannaməsi və 77-ci Ümumdünya Səhiyyə Assambleyasında qəbul edilən İqlim Dəyişikliyi və Sağlamlıq üzrə Qətnamə də daxil olmaqla, COP26 Səhiyyə Gündəliyinin nailiyyətlərinə və sonrakı təşəbbüslərə əsaslanır”.

Nazirin sözlərinə görə, Azərbaycan COP29-a ev sahibliyi edərək yaşıl enerjiyə keçidə sadiqdir: “İqlim dəyişikliyinin azaldılmasının maliyyələşdirilməsi COP29 müzakirələrinin, o cümlədən sağlamlığa təsirlərin maliyyələşdirilməsinin təməl daşı olaraq qalır. Hesab edirik ki, iqlim və sağlamlıq gündəmlərinin maliyyələşdirilməsi bütün müvafiq maraqlı tərəfləri cəlb etməklə, növbəti səviyyəyə qaldırılmalıdır”.

“Hazırda ATACH 90-dan çox ölkə və ərazi, həmçinin mühüm missiyada birgə çalışan 70-dən çox tərəfdaşı birləşdirir. Bundan əlavə, ATACH iqlim dəyişikliyi və sağlamlıqla bağlı tədbirləri gücləndirmək üçün mühüm qlobal əməkdaşlıq mexanizmi təqdim edir. Eyni zamanda, Alyans iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulmasına yönəlib. ATACH-ın həmtəşkilatçısı kimi Azərbaycan Respublikası Alyans vasitəsilə iqlim və sağlamlıqla bağlı fəaliyyət üçün qlobal təkan yaratmaq məqsədilə keçmiş və gələcək COP prezidentləri, eləcə də bütün ATACH üzvləri ilə birgə işləməyə sadiqdir. Biz bütün COP29 iştirakçı ölkələri ATACH-a qoşulmağa dəvət edirik. Bununla onlar iqlim tədbirləri vasitəsilə sağlamlığı qorumaq və yaxşılaşdırmaq üçün kollektiv səylərə töhfə verə və bundan faydalana bilərlər”, - deyə Azərbaycan Respublikasının səhiyyə naziri bildirib.

Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının regional direktoru, doktor Saiya Mau Piukala, Böyük Britaniyanın Xarici İşlər, Millətlər Birliyi və İnkişaf Nazirliyinin (FCDO) adaptasiya, təbiət və xarici təsirlərə davamlılıq departamentinin rəhbəri Cerard Hou, Braziliya Səhiyyə Nazirliyinin Səhiyyə Nəzarəti katibi Etel Masiel, Misirin Səhiyyə və Əhali Nazirliyi, institusional islahatlar üzrə nazirin köməkçisi doktor Hossam Abdel Qaffar və başqaları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının qlobal ictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyən etməkdə mühüm fürsət olduğunu qeyd ediblər.

İqlim dəyişikliyinin təhlükəli xəstəliklərin yayılmasına, səhiyyə sistemləri üçün yük yaratdığı və maliyyə dayanıqlığına xələl gətirməsinə səbəb olduğu vurğulanıb. Bu cür böhranlar nəticəsində ən həssas əhali təbəqələri əziyyət çəkir. Bu baxımdan, innovasiya, texnologiya və tədqiqatları stimullaşdırmaq üçün böhrana birgə reaksiyadan yaranan imkanlardan istifadə etməyin vacibliyi qeyd olunub. Bu tədbirlər daha sağlam gələcəyə və daha möhkəm sistemlərə gətirib çıxaracaq.