Sahibə Qafarova Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb - FOTOLAR

18 Noyabr 2024 15:35 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29 çərçivəsində Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Zimbabve Milli Assambleyasının sədri Yakob Mudenda ilə görüşüb. SİA xəbər verir ki, Parlament Görüşündə iştirakına görə qonağa təşəkkür edən spiker Sahibə Qafarova xatırladıb ki, Zimbabve Prezidenti Emmerson Mnanqaqva da COP29-da iştirak edib. Onun sözlərinə görə, bu, Zimbabvenin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini göstərir.

Parlament Görüşünün uğurla başa çatdığını qeyd edən Milli Məclisin sədri deyib ki, iclasın yekunu olaraq qəbul edilmiş yekun sənəd iqlim dəyişikliyi məsələsində bizim ümumi mövqeyimizi əks etdirir. Vurğulanıb ki, belə beynəlxalq tədbirlər həm də görüşmək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı əldə etmək baxımından da vacibdir.

Yakob Mudenda həm COP29, həm də Parlament Görüşünün çox uğurla təşkil olunması münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın evsahibliyi ilə keçirilən bu mühüm qlobal tədbirə beynəlxalq marağın böyük olduğunu bildirib. O, COP29 çərçivəsində keçirilən müzakirələrdə az inkişaf etmiş ölkələrə dəstək göstərilməsi ilə bağlı çağırışların vacib olduğunu söyləyib.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq məsələləri də müzakirə olunub. Bildirilib ki, Azərbaycan Afrika dövlətləri ilə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına sadiqdir. Zimbabve də onlardan biridir. Ölkələrimiz arasında müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində güclü siyasi əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Bu da öz növbəsində digər sahələrdə də əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaradır.
Söhbət zamanı Zimbabvenin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində daha fəal iştirak etməsinin önəmi qeyd edilib. Vurğulanıb ki, bu şəbəkə müxtəlif ölkələrin qanunvericilərinə geniş mövzular üzrə əhəmiyyətli müzakirələr aparmaq üçün əvəzolunmaz platforma təqdim edir.
Milli Məclisin sədri Sahibə Qafarova regionda mövcud olan vəziyyət haqqında da məlumat verib. Qeyd edilib ki, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən Azərbaycana qarşı təzyiq cəhdləri və qarayaxma kampaniyaları həyata keçirilib. O, xüsusilə COP29 ərəfəsində bu cəhdlərin daha da genişləndiyini bildirib. Spikerin sözlərinə görə, iqlim dəyişiklikləri ilə bağlı məsələlər bütün dünyanı narahat edir və hər kəs bu məsələlərin həllinə töhfə verməlidir.
Sahibə Qafarova həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yaşıl enerji layihələri, "ağıllı şəhər" "ağıllı kənd" konsepsiyaları əsasında görülən işlər barədə də qonağa məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.