"COP29-un əks-sədası gələcəkdə də dünyaya töhfələr verəcək" - ŞƏRH EDİLDİ

18 Noyabr 2024 15:29 (UTC+04:00)

"Biz COP29 tədbirinin əsl mahiyyətinə diqqət yetirsək, görərik ki, Azərbaycan dövləti COP29 kimi mötəbər və beynəlxalq bir tədbirə yüksək peşəkarlıqla və uğurla ev sahibliyi etdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, bu proses hələ də davam edir: "Yaxın günlərdə biz COP29 çərçivəsində bir çox mötəbər tədbirlərin də keçirilməsinin şahidi olacağıq. Azərbaycan bununla beynəlxalq aləmə, beynəlxalq ictimaiyyətə müsbət mesaj verdi. Azərbaycan COP29 çərçivəsində ekologiya problemlərinin həllinə, bəşəriyyətin gələcək taleyinin həllinə kömək və dəstək məqsədilə bütün mümkün resurslarını ortaya qoydu. Hesab edirəm ki, bunu uğurla və peşəkarlıqla bacardı. Eyni zamanda iştirakçı ölkələrin liderlərinin sammitində də bir çox maraqlı mesajlar dünyaya çatdırıldı. Azərbaycan Prezidentinin çıxışında sərt və qətiyyətli bəyanatların şahidi olduq. COP29-a qoşulmama, tədbirdə iştirak etməkdən imtina edən dairələrə də biz çox tutarlı və yerində ünvanlanmış mesajlar gördük.

Paralel olaraq iqlim problemlərinin həllinə dəstək məqsədilə ayrılan maliyyələrin də artırılacağının anonsu verildi. Avropalı Ş.Mişelin çıxışında bunun şahidi olduq. Avropa İttifaqı Şurası da bu məsələdə xüsusi dəstəyini verəcək. Digər ölkələrin prezidentləri, baş nazirləri səviyyəsində biz çıxışlarda da COP29-un mühüm əhəmiyyət daşıdığını gördük".

"COP29 çərçivəsində iqlim problemlərinə, inkişaf etməkdə olan dövlətlərə, kiçik ada dövlətlərinə maliyyə yardımlarının edilməsi məsələsində Azərbaycanın da böyük səyləri var. Azərbaycan dövləti həm ideoloji baxımdan, həm təbliğat baxımından bu istiqamətdə çox böyük töhfələr verib. Azərbaycan həm də iqlim problemlərinə böyük maliyyə yardımı ayıran ölkələrdən biridir. Bu tədbirin çox böyük əhəmiyyəti hələ gələcək dövrlərdə də təsirini itirməyəcək. COP29-un əks-sədası hələ qarşıdakı dövrlərdə də dünyaya və beynəlxalq aləmə çox böyük töhfələr verəcəkdir" - deyə o, əlavə edib.