“Bu günlərdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konfransının 29-cu sessiyası, yəni COP29 bundan öncə keçirilmiş sessiyalarla müqayisədə özünün nəticəyönümlü olması ilə seçilir. Məlumdur ki, Bakı hər zaman ev sahibliyi etdiyi mötəbər tədbirlərə istər təşkilatçılıq, istərsə də müvafiq tədbirin məzmunu baxımından verdiyi töhfələrlə seçilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
O bildirib ki, sammitdə ölkə başçısı İlham Əliyevin ifadə etdiyi fikirlər, qlobal mənada ekoloji təhlükəsizliklə bağlı problemlərin aradan qaldırılması istiqamətində verdiyi təkliflər, yaşıl enerjiyə keçidlə bağlı etdiyi çağırışlar xüsusilə diqqəti çəkdi: “İnkişaf etmiş ölkələr ekoloji problemlərin yaranmasına daha çox şərait yaradır. Amma eyni zamanda da zəngin resurslara malik olması ilə həmin ölkələr problemin həllində də mühüm rol oynaya bilərlər. Lakin bu prosesdən nisbətən zəif olan ölkələr kənarda qalır.
Dövlət başçısının irəli sürdüyü təklif isə məhz ölkələr arasında bərabərhüquqluluğun təminatı baxımından önəmli rol oynaya bilər. Həmçinin təklif kiçik ada dövlətlərinin də bu prosesə qoşulması yönündə əsas istiqamətlərdən biri ola bilər. Yəni, kiçik ada dövlətləri ekoloji problemlərin yaranması prosesində kənarda qalıblar. Lakin istənilən halda ekoloji problemlərin təsiri bütün ərazilərdə özünü göstərir. Buna görə də belə bir şəraitdə, ümumbəşəri problemin həllində bu kimi çağırışlara həqiqətən də ehtiyac var idi”.