“Ümumiyyətlə otel qiymətləri iki yerə bölünür: sezon və qeyri sezon qiymətləri. Əlavə olaraq burada bayram tarifləri qiymətləri də olur. Bayram tarifi qiymətləri əlbəttə ki hər zaman olan qiymətlərdən fərqlənir. Çünki pik vaxt və istirahətə gedildiyi vaxt olur”. Bu sözləri SİA-ya açıqlamasında "TURALUX" MMC turizm firmasının direktoru Tural Ələsgərov deyib.
Tural Ələsgərov sözlərinə belə davam edib: “Sezon qiymətləri stabil olur və qeyri-sezon qiymətləri otellərdə çox fərqli endirimlər olur. Hətta bəzən 2 gecə qalana 1 gecə əlavə pulsuz, 3 gecə qalana və yaxud 2 gecə pulsuz və s. belə bir şeylər də olur. Amma ümumilikdə otel qiymətləri qeyri-sezonda aşağı düşür.
COP29 vaxtı da onu deyə bilərik ki, bəzi otellərimiz hansı ki, Bakı şəhərinə yaxındır, məsəl üçün Şamaxı, Quba istiqamətində yəni, 1- 2 saatlıq məsafədə yerləşən otellərimizdə bayram vaxtları müəyyən bir qiymət 10%, 15% dəyişimlə olur. Lakin ümumilikdə götürdükdə isə COP29 müddəti boyunca otellərimiz qeyri sezon - qiymətləri ilə işləyirlər. Bəli, biz də gözləyirdik ki, qiymətlərdə böyük bir dəyişiklik olacaq. Amma hal-hazırda yerləşmə sayı otellərimizdə kifayət qədər olduğuna görə o da imkan verir ki, istər-istəməz rəqabət yaransın və rəqabət də yarananda bazar tənzimlənir və qiymətlər çox yuxarı qalxmır. Həmçinin, burada digər amil də var ki, ölkə vətəndaşlarımızın əksəriyyəti uzun müddətli istirahət tarixi olduğuna görə, ölkədən kənarda olduqlarına görə bu da istər-istəməz otellərə, yerli otellərimizə böyük bir təsir göstərir.
Ümumilikdə götürdükdə isə COP29 müddətində qiymət artımı o qədər də hiss olunmur. Əksinə hər zamankı kimi qeyri-sezon qiymətləri ilə işləyirlər. Yəni əlbəttə bir-iki hər hansı bir otel burada fərqli ola bilər, qiymətlər 10% burada da 15% maksimum bir artım ola bilər. Bu da otelin Bakıya yaxınlıq məsafəsinə görədir. İstər-istəməz şəhər mərkəzindən Bakıya yaxınlığı olan digər şəhərlərdə olan otellər hər zaman qiymətləri digər fərqli uzaq bölgələrdə yerləşən otellərdən daha da fərqlənir. Çünki uzaq hal-hazırda olan bölgələrdə otellərimiz var ki, onlarda qiymətlər nəinki qeyri-sezon hətta kampaniya qiymətləri var ki, qiymətləri biraz da daha aşağı salıblar”.
Ayşən Vəli