Aliment ödəməyən valideyn nədən məhrum ola bilər? - AYDINLIQ GƏTİRİLDİ

18 Noyabr 2024 13:03 (UTC+04:00)

"Məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin ödənilməməsi həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib.

O bildirib ki, belə ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir: "İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə isə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Bundan başqa, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçiliyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İnzibati və cinayət məsuliyyətinə cəlb edilmə aliment öhdəliyini aradan qaldırmır və o, cəzasını çəkdikdən sonra aliment ödənilməsini davam etdirməlidir. Həmçinin aliment öhdəliyinin qəsdən yerinə yetirilməməsi şəxsin valideynlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər".

"Əlavə edək ki, alimentlə bağlı məhkəmə qətnaməsinin icrasını aliment ödəməli olan şəxsin yaşayış yeri üzrə İcra şöbələri həyata keçirir. İcra məmuru icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Qərar könüllü icra olunmadıqda icra məmuru məcburi icra tədbirlərini həyata keçirir. İcra tədbirləri nəticəsində şəxsin mülkiyyətində hər hansı əmlakın olduğu müəyyən edilərsə, tələb onun əmlakına yönələ bilər. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi ilə yanaşı, tələbin borclunun əmək haqqına və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s. kimi məcburiyyət tədbirləri də tətbiq oluna bilər. Əgər şəxs icra prosesindən yayınırsa, onun barəsində məcburi gətirilmə və axtarış kimi tədbirlər də görülə bilər" - deyə o, əlavə edib.