Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklənməsi səbəbindən məktəblər bağlanıb, tikinti işləri dayandırılıb. Yeni Dehli dünyanın ən çirkli şəhərləri sırasındadır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklənmə səviyyəsi təhlükəli həddə çatıb. Səlahiyyətlilər havanın çirklənməsi səbəbindən məktəbləri bağlamaq və tikinti işlərini dayandırmaq qərarına gəliblər.
Şəhərdə 10-12-ci siniflərdən başqa bütün dərslərin onlayn keçiriləcəyi bildirilərkən, içərisində təcili ehtiyac olmayan materialların olduğu yük maşınlarının şəhərə girişi qadağan edilib. Bəzi köhnə, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinin qadağan edildiyi şəhərdə səlahiyyətlilər uşaqları, yaşlıları, xroniki və ya tənəffüs xəstəlikləri olanları küçəyə çıxmamağa çağırıb. Həyat üçün təhlükə yarada bilən dumanlı hava paytaxtdakı hündürmərtəbəli binaların ətrafını bürümüş, görmə qabiliyyətinin azalması səbəbindən uçuşların dayandırıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, şəhərin müxtəlif yerlərində havanın keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi həddi 50 dəfə keçib. Proqnozlara görə, havanın çirklənməsi həftə boyu yüksək səviyyədə davam edəcək.