Yeniyetmələrlə ünsiyyətdə nəzərə almalı olduğumuz psixoloji məqamlar Psixoloq bildirdi

18 Noyabr 2024 11:21 (UTC+04:00)

“Yeniyetmələrlə ünsiyyətdə bizim diqqət edə biləcəyimiz ən vacib məqamlar, onların şəxsiyyətinə hörmət və diqqətin göstərilməsi, səbir və təmkinimizi qoruya bilmə bacarığımızdır”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Günəş Əfəndiyeva bildirib. Onun sözlərinə görə, yeniyetmələrin fikrinə hörmətlə yanaşılması, vacib məsələlərin, qərarların qəbulunda fikirlərin nəzərə alınması zəruridir. Bu yaş dövründə olan insanları biz hələ “uşaq” adlandırsaq da, onlar bu ifadəni özlərinə qarşı işlədilməsiylə heç cürə barışmaq istəmirlər: “Odur ki, onlarla ünsiyyətdə “Sən hələ uşaqsan!”, “Sən hələ belə şeyləri başa düşməzsən!”, Böyüyərsən, bilərsən!” – kimi ifadələrdən qəti şəkildə qaçmaq lazımdır. Çünki bunların işlədilməsi onlarla ünsiyyətdə potensial konfliktlərə gətirib çıxara bilir. Əgər yeniyetmə sizə nə isə danışır və ya nə barədəsə ürəyindəkiləri deməyə çalışırsa, ona diqqətlə qulaq asmağa çalışmaq lazımdır. Onu qınamaq, danlamağa çalışmaq qətiyyən yolverilməzdir. Yeniyetmə ailəsi tərəfindən dəstəkləndiyinə əmin olmalı, ailəyə, valideynlərinə arxalana bilməlidir. Bunun üçün çox vacibdir ki, uşağın hər bir probleminə qınayıcı tonla deyil, istiqamətləndirici tərzdə yanaşılsın. Yeniyetmə hiss etməlidir ki, evdə onu sevirlər, başa düşürlər. Buna görə də, yeniyetmələrlə inamlı münasibətlərin qurulması onlarla ünsiyyətdə böyüklərin diqqət edə biləcəyi ən vacib məsələlərdəndir. Əgər övladınızla münasibətləriniz artıq ciddi şəkildə pozulubsa mütləq mütəxəssisə, psixoloqa müraciət edin. Lakin bu zaman unutmayın ki, psixoloqun məsləhətinə yalnız uşağın deyil, sizin də ehtiyacınız var. Psixoloq valideyn və uşaqla paralel işləməlidir. Əgər siz də özünüzdə dəyişiklik etməyə çalışmasanız, bunun heç bir faydası olmayacaqdır”, - deyə psixoloq Günəş Əfəndiyeva bildirib bildirib.

Afət Tahirqızı