2024-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 24,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə SİA-ya Energetika Nazirliyindən bildirilib.
Qeyd edilib ki, neft hasilatının 13,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,5 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in, 0,5 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib.
Bu dövrdə 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixraca nəql olunub. Bunun 17,4 milyon tonu konsorsiumların, 2,5 milyon tonu isə SOCAR-ın payına düşüb.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 41,5 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 22,9 milyard kubmetri “Şahdəniz”, 1,3 milyard kubmetri “Abşeron”, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 20,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Avropaya 10,6 milyard kubmetr, Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 4,7 milyard kubmetr qaz nəql olunub.