“BMT-nin İqlim Dəyişikliyi Katibliyi COP29 Sədrliyi və tərəfdaşları ilə sıx əməkdaşlıq edərək, bütün regionlardakı ölkələrə dəstək vermək və potensial yaratmaq üçün səylə çalışıb. Buna görə BMT Katibliyi ölkələrin Bakı Qlobal İqlim Şəffaflığı Platformasından (BTP) istifadəsini təşviq edir”. SİA xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Nura Hamlaji COP29 çərçivəsində nazirlərin iştirakı ilə "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda deyib.
"Biz yeni hesabat alətləri və nəzərdən keçirmə prosedurları hazırlamışıq. Hesabat vermə prosesini asanlaşdırmaq üçün 2000 eksperti hazırlayaraq təlimatlar vermişik. Mən COP29-un Prezidenti, nazir Babayevi və onun komandasını şəffaflığı prioritet hesab etdiyinə və BTP Qlobal İqlim Şəffaflığı Platformasının yaradılmasına görə yüksək qiymətləndirirəm. Bu təşəbbüs Gücləndirilmiş Şəffaflıq Çərçivəsində iştirakı möhkəmləndirəcək və inkişaf etməkdə olan ölkələrə dəstək verəcək. Biz ölkələrin bu platformadan istifadəsini israrla təşviq edirik", - deyə xanım Hamlaji vurğulayıb.