Azərbaycanın pambıq və toxuculuq sənayesinin ən böyük şirkəti olan “GP Cotton Holdings” COP29 çərçivəsində Yaşıl Zonada “Davamlı heyvandarlıq istehsalı: iqlim dayanıqlığı üçün biznes və kənd təsərrüfatının birliyi” mövzusunda konfrans keçirib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “GP Cotton Holdings” şirkətinin müşahidə şurasının müşaviri Gülnarə Həsənovanın moderatorluq etdiyi tədbir respublikada heyvandarlığın inkişafı baxımından önəmli olmaqla yanaşı, iqlim dəyişikliyi fonunda davamlı təcrübələrin zəruriliyini müzakirə etmək üçün aidiyyəti sektorlardan tanınmış mütəxəssisləri bir araya gətirib.
Konfransda iqlimə uyğun heyvandarlıq təcrübələrinin məhsuldarlığı artıraraq ətraf mühitə təsirləri azaltdığı vurğulanıb. Tədbir iştirakçıları arasında uğur hekayələri və innovativ nümunə işləri paylaşılaraq, kənd təsərrüfatı icmaları ilə sənaye liderləri arasında əməkdaşlığın iqlim dayanıqlığına doğru irəliləyişləri necə təmin etdiyi nümayiş olunub.
“Alltech” şirkətinin ətraf mühit, sosial və idarəetmə üzrə qlobal vitse-prezidenti Tara Makkarti çıxışı zamanı davamlı heyvandarlıq istehsalının iqlim dəyişikliyi ilə mübarizə aparmaq və qida təhlükəsizliyini təmin etmək üçün əsas olduğunu bildirib: “İnnovativ təcrübələri inteqrasiya edərək və kənd təsərrüfatı sektorunda əməkdaşlığı təşviq edərək məhsuldarlığı artırmaq və planetimizin resurslarını qorumaq mümkündür”.
Qlobal Südçülük Platformasının icraçı direktor Donald Mur süd sektorunun qlobal qida sistemlərində rolundan, milyonlarla insan üçün qidalanma və dolanışıq təmin etməsindən danışıb. O deyib: “Süd üzrə Net Zero Yolları” kimi təşəbbüslər vasitəsilə davamlılıq və məhsuldarlığın əl-ələ verə biləcəyini göstəririk. Əməkdaşlıq daha dayanıqlı gələcək üçün ortaq hədəflərə çatmağın açarıdır”.
Tədbirdə südçülüklə bağlı “Dairy Management Inc.” şirkətinin sədri Merilin Herşi də danışıb. “Süd fermaları üçün davamlılıq yalnız bir məsuliyyət deyil – bu, həyat tərzidir. Tədqiqatlardan faydalanaraq və innovativ təcrübələri tətbiq edərək biz ətraf mühiti qoruyur və süd təsərrüfatının gələcək nəsillər üçün davamlılığını təmin edirik”, - deyə o bildirib.
Konfransın təşkilatçısı “GP Cotton Holdings” şirkətinin Müşahidə Şurasının sədri Con Yanq Simpson diqqətə çatdırıb ki, pambıqçılıqla bağlı yan məhsullar - xüsusilə də pambıq toxumu, həmçinin torpağın dincəlməsi üçün əkilən bitkilər davamlı heyvandarlıq yeminə inteqrasiya olunmuş mühüm rola malikdir: “Bu yan məhsullar heyvanlar üçün yüksəkkeyfiyyətli yem variantları təmin edir və eyni zamanda, kənd təsərrüfatı sektorunun tullantılarını minimuma endirərək resurslardan maksimum dərəcədə faydalanmasını nümayiş etdirir. Bu sinerjiləri qəbul edərək həm pambıq, həm də heyvandarlıq dəyər zəncirlərində davamlılığı təşviq edə və kənd iqtisadiyyatını dəstəkləyə bilərik”.
Tədbirdə, həmçinin Qlobal Davamlı Mal Əti Platformasının Latın Amerikası üzrə regional direktoru Josefina Eisele, Braziliya Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin davamlı istehsal və suvarma üzrə direktoru Bruno Brasil, “JBS Foods” şirkətinin qlobal davamlılıq üzrə direktoru Jason Veller çıxış ediblər.
Bu konfransla “GP Cotton Holdings” davamlı təcrübələrin irəlilədilməsi sahəsindəki liderliyini nümayiş etdirərək kənd təsərrüfatında əməkdaşlıqla iqlim tədbirləri üçün bir meyar təyin etməyə nail olub.