BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclis tərəfindən keçirilən Parlament Görüşündə “İqlim dəyişikliyi ilə mübarizədə texnklogiyadan istifadə və ədalətli girişin təmin edilməsi” adlı sessiya təşkil olunub. SİA xəbər verir ki, Milli Məclisin deputatı Fariz İsmayılovun moderatorluğu ilə keçirilən sessiyada texnologiyanın, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolunun araşdırılması və iqlim fəaliyyətinin irəlilədilməsində alət ola biləcək yeni texnologiyalar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, parlamentlərin texnologiyalardan təhlükəsiz, məsuliyyətli və inklüziv şəkildə istifadəsini təmin etməsi yolları müzakirə edilib. Tədbirdə parlamentlərin xüsusilə inkişaf etməkdə olan ölkələrdə belə texnologiyalara ədalətli və bərabər çıxışı təşviq etmək imkanları barədə də danışılıb.
İqlim Siyasəti Radarının qurucusu və Baş direktoru xanım Michal Nachmany, “Permalution”un qurucusu və Baş direktoru xanım Tatiana Estevez və Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şuranın üzvü xanım Meera Al Suvaidi çıxışlarında texnologiyanın, xüsusilə süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu barədə fikirlərini səsləndiriblər. Bildirilib ki, iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Dəniz səviyyəsinin yüksəlməsi, buzlaqların əriməsi və kəskin hava hadisələrinin artması planetimizin gələcəyini təhlükə altında qoyur. Bu problemin öhdəsindən gəlmək üçün innovativ həllər tələb olunur və texnologiya bu məsələdə vacib rol oynayır. Lakin texnologiyanın tətbiqi təkcə effektivlik deyil, həm də ədalətli çıxışı təmin etməklə həyata keçirilməlidir.
Həmçinin diqqətə çatdırılıb ki, texnologiyanın düzgün və hərtərəfli istifadəsi ilə iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək mümkündür. Bunun üçün dövlətlər, şirkətlər və vətəndaş cəmiyyəti birlikdə çalışmalı, həm də ədalətli çıxışı təmin etmək üçün konkret addımlar atmalıdır. İqlim dəyişikliyinə qarşı mübarizə yalnız qlobal həmrəylik və innovativ yanaşma ilə uğurlu ola bilər. Texnologiyanın potensialından tam istifadə edərək ədalətli və davamlı gələcək qurmaq insanlığın əsas məqsədi olmalıdır.
Tədbir zamanı iqlim siyasətinin daha inklüziv, bərabər və davamlı olmasının vacibliyi diqqətə çatdırılıb, bu istiqamətdə müxtəlif ölkələr arasında əməkdaşlığın genişləndirilməsi təklif edilib.