“Təbii fəlakətlərlə mübarizə üçün kosmik texnologiyalar: tematik tədqiqatlar”

17 Noyabr 2024 04:20 (UTC+04:00)

COP29 çərçivəsində “Azərkosmos” ASC-nin təşkilatçılığı ilə “Təbii fəlakətlərlə mübarizə üçün kosmik texnologiyalar: tematik tədqiqatlar” mövzusunda ikinci panel sessiyası keçirilib. SİA xəbər verir ki, tədbir “Azərkosmos”un nümayəndəsi Fidan Behbudovanın moderatorluğu ilə keçib.

Sessiya çərçivəsində Kosmik Liderlər Sammitinin iştirakçısı, İtaliya Kosmik Agentliyinin prezidenti, professor Teodor Valente Aralıq dənizi hövzəsində müşahidələr aparmaq üçün kiçik peyklərdən ibarət “COSMO-SkyMed” haqqında təqdimatla çıxış edib. Qeyd olunub ki, İtaliya Kosmik Agentliyinin bu ölkə hökumətinin sifarişi ilə orbitə buraxılan peyklər bürcü istər hərbi, istərsə də elmi məqsədlər üçün istənilən hava şəraitində Yerin radarla müşahidəsi üçün nəzərdə tutulub.

Sistemin kosmik seqmentinə bütün Yer planetinin qlobal əhatə dairəsinə malik sintetik diafraqma radar (SAR) sensorları ilə təchiz edilmiş COSMO-SkyMed (və ya COSMO) 1, 2, 3, 4 adlandırılan dörd eyni orta ölçülü (1900 kq[2]) peyk daxildir. Maraq sahəsinin müşahidə edilməsi gündə bir neçə dəfə təkrarlana bilər. Şəkillər İtaliyada və digər ölkələrdə müdafiə və təhlükəsizlik, seysmik təhlükənin təhlili, ekoloji fəlakətlərin monitorinqi və kənd təsərrüfatının xəritələşdirilməsi üçün istifadə olunacaq.

“Fugro” şirkətinin direktoru Kris Bota (Chris Botha) qeyd edib ki, əhali artımı və qlobal istiləşmə şəraitində içməli su getdikcə daha azalır. “Bu o deməkdir ki, biz monitorinq və proqnozlaşdırma yolu ilə risklərin idarə edilməsini təkmilləşdirməliyik, xüsusən də söhbət yeraltı sulardan gedəndə. Çünki yerin altındakı hidrogeoloji şəraitin sirlərini açdığınız zaman qrunt sularının axınını daha yaxşı idarə edə və proqnozlaşdıra bilərsiniz. Daha uzun müddət xidmət edə biləcək daha keyfiyyətli aktivlər layihələşdirə və yarada bilərsiniz. Biz innovativ məlumat toplama metodlarından və məsafədən zondlama texnologiyalarından istifadə edərək şəhər əraziləri üçün yeraltı suların monitorinq planlarını işləyib hazırlayırıq. Bu, daha səmərəli və qənaətcil yeraltı su sistemlərinin yaradılmasına gətirib çıxarır”, - deyə o bildirib.

BMT-nin Kosmik Məkan Məsələləri üzrə Ofisinin (UNOOSA) Elmi məsələlər üzrə əməkdaşı Loran Zaran (Lorant Czaran) deyib ki, 2027-ci ilin sonuna qədər Yer kürəsindəki hər bir insanın təhlükəli hava, su və ya iqlim hadisələrindən həyati vacib erkən xəbərdarlıq sistemləri vasitəsilə qorunmasını təmin etmək məqsədi daşıyan qabaqcıl təşəbbüs olan “Hər kəs üçün erkən xəbərdarlığa” xüsusi diqqət yetiriləcək.

Braziliya Kosmik Agentliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Marsiya Alvarenqa dos Santos qeyd edib ki, onun ölkəsində meşə və yanğınların monitorinqi üçün kosmik texnologiyalardan istifadə olunur. “Düşünürəm ki, bu gün kosmos Yerin iqliminin monitorinqi üçün böyük imkanlar təqdim edir”, - deyə o vurğulayıb.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.