"Bu gün Estoniya millisinin qapıçısı çox yaxşı mübarizə apardı".
SİA xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Qəbələdə Estoniya yığması ilə qolsuz heç-heçə etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, ilk 20 dəqiqənin bərabər səviyyədə keçdiyini bildirib: "Bundan sonra isə bütün üstünlük bizdə oldu. Futbolçularım əllərindən gələni etdilər. Təəssüf ki, lazım olan qolu vura bilmədik. Buna görə məyusuq. Rəqibin də haqqını yemək olmaz, çünki müdafiədə etibarlı oynadılar. Gələcəkdə yaxşı komanda quracağımıza çox inanıram, hazırkı vəziyyət ürəkaçan olmasa da, oyunçularıma güvənirəm".
Mütəxəssis Renat Dadaşov və Mahir Emrelinin zədəli olmasının komandanın hücum mövqeyinə təsir etdiyini söyləyib: "Hər iki oyunçu Azərbaycan millisi üçün önəmli simalardır. Bu gün Ramil Şeydayev və Nəriman Axundzadə də yaxşı mübarizə apardılar. Hücumçu qol vurarsa, ona gələcək matçlarda müsbət mənada təsir göstərəcək".
Qeyd edək ki, Azərbaycan millisi qrupda son görüşünü noyabrın 19-da səfərdə İsveç seçməsinə qarşı keçirəcək.