"Digər COP-larla müqayisədə COP29-dan olduqca təsirləndim"

16 Noyabr 2024 19:53 (UTC+04:00)

Avstraliyada tənzimlənən karbon bazarı fəaliyyət göstərir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 6.2 və 6.4-cü maddələri çərçivəsində əhəmiyyətli imkanlar mövcuddur. Bu maddələr tənzimlənən karbon bazarının yaradılmasını, karbon emissiyalarının azaldılmasını və karbonun tutulmasının təşviq edilməsini dəstəkləyir. Həmçinin bu mexanizmlər yeniliklərin maliyyələşdirilməsini dəstəkləyəcək çərçivələrin qurulmasına şərait yaradır. Texnoloji yeniliklər və yeni imkanlar baxımından ciddi irəliləyişlər əldə edilib. Lakin miqyas baxımından çatışmayan əsas məqam maliyyədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri COP29-da iştirak edən Avstraliyanın “AgriProof” şirkətinin qurucusu və İdarə Heyətinin sədri Matthev Varnken söyləyib.

M. Varnken COP29-un təşkilatçılığı ilə bağlı müsbət təəssüratlarını da ifadə edib: “Tədbir yüksək səviyyədə təşkil olunub. Hava limanından tədbir məkanına qədər bütün proseslər çox peşəkarcasına idarə edilib. Burada çoxlu sayda könüllü fəaliyyət göstərir və onların qonaqpərvərliyi və yardımsevərliyi diqqətəlayiqdir. Digər COP-larla müqayisədə COP29-dan olduqca təsirləndim”.