“Multikulturalizm Azərbaycanın dövlət siyasətidir” - ŞƏRH EDİLDİ

16 Noyabr 2024 17:20 (UTC+04:00)

“Ölkəmizin COP29-a ev sahibliyi etməsi ölkəmizin humanizm prinsiplərinin, ümumbəşəri dəyərlərin təşviqi istiqamətində həyata keçirdiyi ardıcıl, sistemli siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, tolerantlıq, çoxmədəniyyətlilik bizim həyat tərzimizdir. Azərbaycan dövləti, sadəcə xalqımıza məxsus olan bu ali dəyəri konseptual şəkildə sistemləşdirərək dövlət siyasətinin tərkib hissəsinə çevirib. Biz, bu gün yüksək bəşəri dəyərlərdən söz açıb bəşəriyyətin gələcəyini, sülhü, əminamanlığı təhdid edənlərdən fərqli olaraq, çoxmədəniyyətliliyi, multikultral dözümlülüyü gündəlik həyatımızda yaşayırıq, beynəlxalq təşkilatların kürsülərindən “oynamırıq””. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

O bildirib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır: “Təəssüflə vurğulamaq istərdim ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən ölkəmiz, heç bir əsas və zəmin olmadan hədəfə çevrilib: Pradoksal da olsa, hətta dezinformasiyalara, saxta xəbərlərə qarşı mübarizə aparmağa borclu olan bir sıra qruplar, bu mühüm tədbir öncəsi dezinformasiya və saxta xəbərlərin daşıyıcısına çevrilməyi belə məqbul hesab etdilər və iqlim dəyişikliklərinin fəsadları ilə mübarizəyə xidmət edən ümumbəşəri bir tədbirdən öz cılız maraqları naminə istifadə etməyə cəhd göstərdilər. Baxmayaraq ki, Azərbaycan yaşıl enerjiyə keçidi uzun illərdir ki təşviq edir və bu istiqamətdə kifayət qədər ciddi, sistemli addımlar atır, ölkəmizə qarşı qarayaxma kampaniyasının ideoloqları və icraçıları Azərbaycanı sadəcə neft-qaz ölkəsi adlandırır, ölkəmizdə, yalnız ənənəvi enerji sektoruna edilən yatırımlardan söz açır və bundan öz bəsit arqumentlərini əsaslandırmaq üçün istifadə etməyə çalışırlar. Halbuki, bir sıra Qərb ölkələri ilə müqayisədə, Azərbaycanın ənənəvi enerji sektoruna yönəltdiyi sərmayələr kölgədə qalır.

Məsələn, Norveç 2024-cü ildə yeni neft və qaz yataqlarının istismarına 23,4 milyard ABŞ dolları vəsait yatırıb. Birləşmiş Ştatların 2022-ci ildən şelf qazı yataqlarının işlənməsi ilə bağlı həyata keçirdiyi 5 illik layihəyə qoyulan investisiyaların həcmi 800 milyard təşkil edir. Norveç 2024-cü ilin may ayından təbii qaz yataqlarının istismarını və təbii qazın tədarükünü 17% artırıb. İndi öz gözlərində tiri görməyənlərin, bizim gözümüzdə tük axtarışına çıxmaları, ən yaxşı halda siyasi ikiüzlülük kimi qiymətləndirilə bilər. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Amma bu dəfə də, onların ölkəmizə qarşı apardıqları kampaniya iflasa uğradı. COP29-u boykot etməyə çağıranların, son nəticədə özləri beynəlxalq birlik tərəfindən boykot olundular.
İqlim dəyişikliklərinin kiçik ada dövlətlərinə bütün digər ölkələrdən daha çox təsir göstərdiyi kimsəyə sirr deyil. Çünki bu dövlətlərdə yaşayan insanların həyatı, gündəlik birbaşa təbiətlə bağlıdır. Əgər qlobal istiləşmə nəticəsində okeanın suyu 1 metr belə qalxarsa, bu kiçik ada dövlətlərində yaşayan on, bəlkə də yüzminlərlə insanın əkin sahələrini, evlərini və hətta həyatlarını itirməsi deməkdir. Bu baxımdan, Prezident İlham Əliyevin kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət ayırması, qlobal arenada onların səsinin eşidilməsi üçün bütün mümkün imkanlardan istifadə etməsi, dövlətimizin başçısının humanizm dəyərlərinə yüksək münasibətindən, ölkəmizin bu amili özünün dövlət siyasətinin ana xəttinə çevirməsindən qaynaqlanır.

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirdirir və ölkəmiz təbii fəlakətlərlə qarşı-qarşıya qalan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardımlar göstər.
Cənab Prezidentin qeyd etdiyi kimi ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb.

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib. Bu, torpaqları 30 ilə yaxın işğal altında qalan və viran qoyulan, ərazisinin 20%-dən çoxunu, müəyyən istisnalar olmaqla, heç bir kənar dəstək olmadan minalardan təmizləyərək yenidən quran bir dövlət üçün çox böyük göstəricidir. Məlum olduğu kimi Azərbaycan Prezidenti öz nitqində ölkəmizin Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırdığını da bəyan edib. Bu faktın özü, dövlətimizin kiçik ada dövlətlərinin problemlərinin həllinə sistemli və davamlı yanaşdığının göstəricisi kimi dəyərləndirilməlidir”.